“Qəbələ”nin heyətinə qatmaq istədiyi rusiyalı Marat İzmaylovun hazırda ölkəmizdə olması onun məxsus olduğu “Porto”nun məşqlərinə qatılmasına imkan vermir. Apasport.az saytının məlumatına görə, Portuqaliya təmsilçisi 32 yaşlı yarımmüdafiəçinin hazırlıqlara qatılmadığını rəsmən açıqlayıb.
Belə ki, klubun rəsmi saytı məşqdən hazırlanan reportajda rusiyalının yoxluğunun səbəbini də göstərib.
Lakin pireneylilər Maratın Azərbaycanda olduğunu deyil, ailə məsələləri ilə bağlı icazəli olduğunu iddia edir. Görünür, Azərbaycanda oynamaq futbolçuya ailəsinə də daha yaxın olmaq imkanı da verəcək. Hər halda, ölkəmiz Rusiyaya Portuqaliyadan daha yaxındır: “Rusiyalı Marat İzmaylov və uruqvaylı Fusile komandanın məşqlərinə qatılmır. Onlar ailə məsələləri və şəxsi işləri üzündən icazəli olduqları üçün klubun düşərgəsində məşq etmir”.
Qeyd edək ki, Rusiya millisində 35 oyuna 2 qol vuran İzmatlov karyerası ərzində “Lokomotiv” (2001-07), “Sportinq” (2007-13) və “Porto”da (2013) çıxış edib.