“Qazaxıstan və Azərbaycan çempionatları zəifdi, amma əvəzində pul var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun sabiq futbolçusu Mixail Sokolovski deyib.
Donetsk təmsilçisinin 67 yaşlı əfsanəsi vətənində verdiyi müsahibədə həmyerlilərinin ölkə xaricinə üz tutmasına münasibət bildirib. Yuri Maksimovun “Keşlə”, Vladimir Mazyarın Qazaxıstan “Akjayık”ına baş məşqçi təyin olunması barədə fikirlərini açıqlayan Sokolovski həmyerlilərini qınayıb:
“Əvvəl bütün məşqçilər Ukrayna və Rusiyaya düşməyi arzulayırdı. İndi isə... Mən heç vaxt pul qazanmaq üçün Qazaxıstan və ya Azərbaycana gedən məşqçini işə götürmərəm. Hesab edirəm ki, nə vaxtsa “Dinamo”ya rəhbərlik edən heç bir məşqçi sonradan başqa Ukrayna klubunun “sükanı arxası”na keçməz. Onlar ancaq xaricə yollanır. Çünki Kiyevdən başqa hər yer onlar üçün əyalətdi. Ukraynada çox məşqçinin olması ilə razıyam. Amma mütəxəssislər azdı. İndi onların hamısının agentləri var ki, kiçik uğurları da reklam edirlər”.
Qeyd edək ki, Sokolovski 1974-1987-ci illərdə şərəfini qoruduğu “Şaxtyor”da 485 oyunda 105 qol vurub. O, oyun sayında klub tarixinin 2-cisi, qol sayında 4-cüsüdü.