[b]“Pulun dalınca qaçsaydım, Azərbaycana gedərdim”[/b]
04.04.2016 - 15:49
[b]“Pulun dalınca qaçsaydım, Azərbaycana gedərdim”[/b]

“Karyeramda verdiyim qərarlara görə, heç vaxt təəssüflənməmişəm. Əgər bir şey xoşunuza gəlmirsə, onu etməməlisiz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiyanın “Yokohama Marinos” klubunun futbolçusu Quenten Martinus deyib.

 

2014-2016-cı illər ərzində Rumıniyanın “Botoşani” komandasında çıxış etmiş yarımmüdafiəçi bu ilin əvvəlindən karyerasını Yaponiyada davam etdirir.

 

Rumıniya mətbuatına danışan Martinus yanvarda Azərbaycandan da təklif aldığını bildirib. O qeyd edib ki, ölkəmizdən ünvanlanan təklif daha sərfəli olsa da, Yaponiyaya yollanmağı üstün tutub: “Botoşani”də çox şey öyrəndim. Yaponiya klubuna keçməklə də karyeramda böyük addım atdım. Mənim oyun tərzim çoxunun xoşuna gəlir. Çünki meydanda risk etməyi sevirəm. “Botoşani”dən ayrılmağımın səbəbi əsas heyətdəki yerimi itirməyimlə bağlı oldu. Hiss etdim ki, orda daha inkişaf edə bilmərəm. Nəyə görə Yaponiyanı seçdim? Çünki onlar çox peşəkardılar. İnsanlar mənim pulun dalınca qaçdığımı düşünə bilərlər. Ancaq elə olsaydı, Azərbaycana gedərdim”.

 

Kurasao yığmasının 25 yaşlı üzvü qərarına görə peşman olmadığını əlavə edib: “Qərarıma görə heç vaxt peşman olmuram. Azərbaycanla müqayisədə, daha güclü çempionata yollanmaq və həm futbol, həm də şəxsi həyat mənasında irəli addım atmaq istədim”. 

 

 

 

0