[b]“Qalatasaray”dan 7,5 milyon avroluq transfer[/b]
31.07.2017 - 16:54
[b]“Qalatasaray”dan 7,5 milyon avroluq transfer[/b]

Yay fasiləsinin fəal komandalarından olan “Qalatasaray” daha bir əcnəbi futbolçunu heyətinə qatıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” bu dəfə Superliqada çıxış edən oyunçu ilə anlaşıb.

 

Söhbət “Osmanlıspor”un yarımmüdafiəçisi Badu Ndiayedən gedir. Klublar arasında aparılan danışıqlar, nəhayət ki, müsbət nəticə verib. Məlumatı “Osmanlıspor”un qurucu prezidentlərindən olan Ahmet Gökçək də təsdiqləyib. O bildirib ki, orta sahə oyunçusunun keçidi “Osmanlıspor”a 7,5 milyon avro qazandırıb. “Qalatasaray” həmçinin aşağı yaş qrupunda çıxış edən 3 oyunçusunu qarşı tərəfə verib.

 

Ndiaye “Qalatasaray”ın mövsümlərarası fasilədə 7-ci əcnəbi transferi olub. “Sarı-qırmızılılar” ona qədər Maykon Roke, Mariano Ferreyra, Yunes Belhanda, Bafetimbi Qomis, Sofian Fequli və Fernandonu heyətə cəlb ediblər.

 

Qeyd edək ki, “Osmanlıspor” Badu Ndiayeni 2015-ci ilin yayında “Bode-Qlimt” klubundan 330 min avroya transfer edib. 27 yaşlı oyunçu 2014-cü ildən bəri çağırıldığı Seneqal millisinin heyətində 8 oyun keçirib, 1 qola imza atıb.