“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı ev oyunlarındakı quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, öz meydanındakı son 8 qarşılaşmada qapısını toxunulmaz saxlayan Ağdam təmsilçisi XXI turun “Keşlə” ilə görüşünün 34-cü dəqiqəsində qol buraxıb.
Slavik Alxasovun qolu ilə 855 dəqiqəlik quru seriya başa çatıb. Bunadək “Qarabağ”ın meydanında qol vuran sonuncu futbolçu Bəxtiyar Həsənalızadə idi.
O, VI turun sentyabrın 22-də keçirilən “Qarabağ” – “Sumqayıt” matçının 8-ci dəqiqəsində qol sevinci yaşamışdı. 191 gündən sonra evdə qapısında qol görən ağdamlılar bu müddətdə “Zirə” (0:0, 2:0), “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0, 0:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) matçları quru keçirmişdi.
Bir sözlə, “Qarabağ” qol buraxmadığı dövrdə 5 qələbə qazanıb, 3 heç-heçə edib. Ağdamlılar 8 oyunluq quru seriya zamanı 7 qol vurublar.