Məşhur “euroclubindex.com” saytı Avropa klublarının cari mövsümdəki çıxışlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 708 klubun yer aldığı siyahıda Topaz Premyer Liqasında çıxış edən 10 klubun da adı var.
Ən yüksək göstəriciyə malik Azərbaycan klubu “Qarabağ”dı. Premyer Liqanın lideri 3 pillə irəliləyərək 215-ci yerə yüksəlib. 283-cü yerdə qərarlaşan “İnter” ötən reytinqlə müqayisədə 1 pilləlik sıçrayış edib. İlk “üçlüy”ü isə “Qəbələ” tamamlayır. Aktivindən 31 xal silinən “qırmızı-qaralar” 7 komandanı özlərindən irəli buraxıblar.
“Neftçi” Premyer Liqada 7-ci yerdə qərar tutmasına baxmayaraq, reytinqdəki komandalarımız arasında ən yaxşı göstəriciyə malik 4-cü kollektivdi. Çempionatın ikincisi olan “Zirə” isə reytinqdə 6-cı komandamızdı.
Klublarımız arasında ən böyük sıçrayışı “Zirə” və “Kəpəz” ediblər. Hər iki komanda son vaxtlar topladıqları xallar sayəsində 10 pillə irəliləyişə nail olub. Çempionatın son turunda “Zirə”yə məğlub olan “Qəbələ” isə 7 pillə geriləyib.
Maraq üçün əlavə edək ki, İngiltərə Premyer Liqasında çıxış edən “Aston Villa” 222-ci, İtaliya A seriyası təmsilçisilərindən “Karpi” 229-cu, “Frosinone” 297-ci, Fransa Liqa 1 komandalarından “Anger” 216-cı, “Ayaçço” isə 270-ci yerdə qərarlaşıblar.
Topaz Premyer Liqasındakı klublar:
215 (218). “Qarabağ” – 1901 xal (+7)
283 (284). “İnter” – 1664 (+3)
327 (320). “Qəbələ” – 1537 (-31)
373 (371). “Neftçi” – 1428 (+2)
392 (391). AZAL – 1357 (-2)
406 (416). “Zirə” – 1296 (+31)
442 (452). “Kəpəz” – 1199 (+16)
452 (448). “Sumqayıt” – 1180 (-7)
467 (463). “Xəzər Lənkəran” – 1138 (-16)
536 (537). “Rəvan” – 944 (-3)
Qeyd: birinci mötərizə komandaların ötən reytinqdəki yerini, ikinci mötərizə isə son reytinqdən indiyə qədər topladıqları (və ya itirdikləri) xal sayını bildirir.
Siyahıya “Barselona” başçılıq edir. 37 oyundu məğlubiyyətin nə olduğunu bilməyən İspaniya çempionu aktivinə daha 10 xal yazdıraraq, liderliyini möhkəmlədib. Kataloniyalıları müvafiq olaraq “Real” və “Bavariya” izləyirlər. İlk “10-luq”da cəmi bir dəyişiklik var. “Arsenal” “Çelsi”ni qabaqlayaraq, 10-cu yerə yüksəlib. “Sevilya” ilə “Mançester Siti” isə yerlərini dəyişiblər.
İlk “10-luq”:
1. “Barselona” (İspaniya) – 4572 xal
2. “Real” (İspaniya) – 4293
3. “Bavariya” (Almaniya) – 4061
4. “Atletiko” (İspaniya) – 3964
5. PSJ (Fransa) – 3862
6. “Yuventus” (İtaliya) – 3747
7. “Borussiya” (Dortmund, Almaniya) – 3510
8. “Sevilya” (İspaniya) – 3431
9. “Mançester Siti” (İngiltərə) – 3376
10. “Arsenal” (İngiltərə) – 3301
Türkiyə komandalarında ən yaxşı göstəriciyə malik komanda “Fənərbaxça”dı – 2912 xal. “Sarı-lacivərdlilər” 6 pilləlik irəliləyişlə 29-cu yerə yüksəliblər. “Beşiktaş” 55-ci (2615 xal), “Qalatasaray” isə 68-ci (2509) yerdə qərarlaşıb.