Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 2 qarşılaşma yarışın finalçılarının adına aydınlıq gətirəcək.
Günün ilk matçı Zaqatalada baş tutacaq. Finala vəsiqə uğrunda mübarizə aparan iki əyalət klubu – “Simurq”la “Qarabağ” mövsümdə 6-cı dəfə üz-üzə gələcək. Mövsümdə 4 çempionat və 1 kubok oyununda rəqibinə qalib gələn Ağdam təmsilçisi uğurlu seriyanı səfərdə də davam etdirməyə çalışacaq.
6 ildən sonra finala yüksəlmək üçün Qurban Qurbanovun yetirmələri öz meydanında qazandığı üstünlüyü qorumalıdı. Evdə 1:0 hesablı qələbə əldə edən ağdamlılar bunu bacarsa, “Qızıl dubl”a doğru növbəti addımı atacaq.
Tarixində ilk dəfə yarımfinala yüksələn “Simurq” isə tarixi nəticəsini daha da yaxşılaşdırıb, finala qədər irəliləmək istəyindədi. Zaqatalalılar bununla da həm titula, həm də avrokuboklar arzusunu gerçəkləşdirməyə daha da yaxınlaşacaq. “Simurq” son 9 gündə 3-cü dəfə qarşılaşdığı “Qarabağ” səddini adlaya bilməsə, qitə kubokları ilə bağlı xəyallarını möcüzəyə bağlamalı olacaq.
Finalın digər iştirakçısı paytaxt derbisində müəyyənləşəcək. Topaz Premyer Liqasında mükafatlar uğrunda mübarizə aparan “Neftçi” və “İnter” sonuncuların meydanında üz-üzə gələcək.
İlk oyunda əsas qol silahı Nikolas Kanalesin dublu ilə qalib gələn “Neftçi” bu üstünlüyünü qorusa, yeni rekorda imza atacaq. Ölkə kuboku tarixində ardıcıl 3 dəfə finala yüksələn ilk komanda kimi tarixə düşən “ağ-qaralar” istəyinə çatsa, bu uğurlu seriyanı 4-ə çatdırmış olacaq.
Son iki mövsümdə kuboku başı üzərinə qaldıran “Neftçi”ni tituldan məhrum etmək iddiasında olan “İnter” 4 ildən sonra finalda oynamaq arzusundadı. Sonuncu dəfə 2010/11 mövsümündə bunu bacaran Kaxaber Sxadadzenin yetirmələri indiyədək qazanmadığı kuboka sahib çıxmaq üçün əvvəl finala yüksəlməlidi. Azərbaycanda son mövsümünü keçirən Gürcüstan yığmasının baş məşqçisi “İnter”dən titulla ayrılmaq üçün kubokda ilkə imza atmalıdı.
Əgər əyalət klublarının duelində “Qarabağ” mərhələ adlasa, paytaxt derbisinin qalibi avrokuboklara daha yaxın olacaq. Ağdamlıların çempionluğu şübhə doğurmadığından
onların finaldakı rəqibi həlledici oyunun nəticəsindən asılı olmayaraq, Avropa Liqasında yüksələcək.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
21 aprel (çərşənbə axşamı)
18:00. “Simurq” – “Qarabağ”
Zaqatala şəhər stadionu
İlk oyun – 0:1
19:00. “İnter” – “Neftçi”
“İnter Arena”
İlk oyun – 0:2