Çempionlar Liqasındakı uğursuz çıxışdan sonra Avropa Liqasında mübarizəni davam etdirən “Atletiko” bu gün 1/4 final mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, İspaniya KİV-i bu mərhələdə “Sportinq”lə qarşılaşacaq Madrid təmsilçisini turnirin favoriti hesab edir.
“Atletiko”nun şanslarını dəyərləndirən həmkarlarımız komandanın 6 ildən sonra yenidən turnirin qalibi olacağını proqnozlaşdırırlar. Onlar Dieqo Simeonenin kollektivinin son finalçısı olduğu Çempionlar Liqasındakı uğursuzluğunun günahını “Qarabağ”da biliblər.
Görünür, ispanlar Azərbaycan çempionu ilə qarşılaşmalarda itirilən xalları hələ də unuda bilmirlər: “Sportinq” göründüyündən də həssasdı. Ancaq “Atletiko” cütlüyün favoritidi. Maraqlı məqam ondadı ki, “Atletiko”nun Avropa Liqasını qazandığı 2012-ci ildə “Sportinq” yarımfinala qədər irəliləyə bilmişdi. Həmin vaxt Buxarestdə çempion olan madridlilər yenə buna yaxındılar. “Qarabağ” biabırçılığı onları real hədəfə, yəni Avroliqaya qaytardı”.
Qeyd edək ki, “Atletiko” Çempionlar Liqasının C qrupunda “Qarabağ”la keçirdiyi hər iki görüşdə heç-heçə etmiş (0:0, 1:1) və Avropa Liqasına yuvarlanmışdı.