Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu “Qarabağ”a qarşı keçirəcək “Çelsi” birillik fasilədən sonra mübarizə aparacağı avrokuboklara uğurlu start götürməyi hədəfləyir. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “zadəganlar”ın ilk matçının Azərbaycan çempionuna qarşı olması heç də arzuolunan hal deyil.
London təmsilçisini narahat edən əsas məqam tanımadıqları bir rəqiblə qarşılaşmaq olacaq. İngiltərəli həmkarlarımız “Çelsi” məşqçilərinin “Qarabağ”ın heç bir matçını canlı izləməmələrini özləri üçün mənfi hal hesab edirlər. Məsələ burasındadı ki, ağdamlılar ÇL-də son oyunlarını qrup mərhələsinin püşkatma mərasimindən bir gün əvvəl keçirmişdilər.
Həmin vaxtdan bəri Qurban Qurbanovun komandası ölkə çempionatında cəmi 1 görüşdə iştirak edib (“Qəbələ” - 2:1) ki, “Çelsi”nin baş məşqçisi Antonio Konte də o qarşılaşmaya köməkçilərindən heç birini yollamayıb. İtaliyalı mütəxəssis Premyer Liqanın IV turundakı “Səbail” – “Qarabağ” oyunu üçün bu addımı atmağı planlaşdırırmış. Lakin görüşün təxirə salınması onun ürəyincə olmayıb.
Azərbaycan çempionu barədə az məlumata malik olmaları ingilisləri narahat edən əsas məqamdı. Buna baxmayaraq, onlar Kontenin rəqibi tanıdığına ümid edirlər. Belə ki, Kontenin İtaliya yığmasının “sükanı arxası”nda olarkən millimizə qarşı komanda meydana çıxardığını vurğulayan yerli KİV “Qarabağ”ın əksər üzvlərinin yığmamızda çıxış etməsini təcrübəli mütəxəssis üçün müəyyən üstünlük hesab edir.
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü sentyabrın 12-də “Stemford Bric” stadionunda keçiriləcək.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib