[b]“Qarabağ” qapını tam aça biləcəkmi?[/b]
19.07.2016 - 14:51
[b]“Qarabağ” qapını tam aça biləcəkmi?[/b]

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah “Düdelanj”ın qonağı olacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Lüksemburqa növbəti mərhələnin qapısını aralayaraq, yollanıb.

 

Belə ki, ilk görüşdə qeydə alınan 2:0 hesablı nəticə Qurban Qurbanovun yetirmələrinin mərhələ adlamaq şansını artırır. Üstəlik, Bakıdakı qarşılaşmada “Qarabağ”ın rəqibindən çox üstün olduğu açıq-aşkar göründü. Lüksemburqda “Düdelanj”ın təmsilçimizə şok yaşadacağı heç inandırıcı görünmür. “Köhlən atlar”ı səfərdə heç-heçə və minimalhesablı məğlubiyyət də qane edir. Hətta 1 və daha artıq qol vuracağı halda, 2 top fərqli məğlubiyyət də qonaqların işinə yarayacaq. Təbii ki, “Qarabağ”ın Lüksemburq klubuna uduzacağı gözlənilmir. Qurbanovun komandası səfərdə də qələbə qazanmaqla, reytinq xalını bir qədər də artırmalıdı.

 

“Düdelanj”la ilk matçda Riçard Almeyda həmişəki oyununu göstərsə də, Dani Kintana çempionatdakı çıxışını təkrarlaya bilmədi. Zədəsi ilə əlaqədar, Bakıdakı görüşdə sonradan oyuna daxil olan Reynaldodan da bu dəfə daha yaxşı çıxış gözlənilir. Əgər Almeyda ilə birlikdə bu 2 futbolçu əsl səviyyələrini göstərə bilsələr, “Qarabağ” üçün Lüksemburqdan da qələbə ilə qayıtmaq çətin olmayacaq.

 

“Düdelanj”la cavab oyunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun avrokuboklarda məşqçi kimi çıxdığı 56-cı görüş olacaq. Əvvəlki 55 matçın 25-də qələbəyə sevinən 44 yaşlı mütəxəssis 15 dəfə heç-heçəyə imza atıb, qalan 15 görüşdə isə məğlubiyyətlə üzləşib. “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün isə bu matç avrokuboklarda 73-cü oyun olacaq. 34 yaşlı müdafiəçi hazırkı komandasının heyətində isə 50-ci avrokubok matçına çıxacaq.

 

“Düdelanj” – “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Viktoriya” ilə üz-üzə gələcək. Ağdam təmsilçisi üçün əsas mübarizə məhz Çexiya təmsilçisi ilə görüşdən başlayacaq.

 

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

 

20:00. “Düdelanj” – “Qarabağ”

Baş hakim: Kevin Klansi

Baş hakimin köməkçiləri: Stüart Stevenson, Sin Karr

Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)

Düdelanj. “Yos Nosbaum” stadionu

0