[b]“Qarabağ” rekordun 3 addımlığında[/b]
05.04.2017 - 14:03
[b]“Qarabağ” rekordun 3 addımlığında[/b]

Azərbaycan çempionatları tarixinin bir mövsümdə ən çox oyunçusu qol vuran komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən keçirilən ölkə çempionatlarının mütləq rekordu 8 il öncə rəsmiləşib.

 

Belə ki, 2008/09 mövsümündə “İnter”in heyətində 18 futbolçu rəqib qapılarına yol tapıb. Bu göstərici 25 illik tarixin ən yüksək rəqəmidi.

 

Həmin vaxt bakılılar mövsümü 2-ci pillədə başa vurmuşdu. 26 matç keçirən “İnter” 54 qol vursa da, 18 oyunçusu hesabını açmışdı.

 

Paytaxt təmsilçinin ən yaxşı bombardiri Valter Quqlemon 17 dəfə fərqlənmişdisə, Andrey Rubin 6, Auquqto Andaveris 5 dəfə rəqib qapılarına yol tapmışdı. Elvin Məmmədovun 4 qol vurduğu çempionatda Xaqani Məmmədov, Danildo Assioli hərəyə 3, Petar Zlatinov, Cavid Hüseynov, Ruhid Usubov, Branislav Çervenka hərəyə 2, Asif Məmmədov, Vladimir Kolesniçenko, Marko Pistroviç, Adriano da Silva, Vladimir Levin, Əliyar İsmayılov, İon Testimitsianu, Samir Abasov 1 dəfə qol sevinci yaşamışdı.

 

Qeyd edək ki, cari mövsümdə rekord “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisinin 15 üzvü fərqlənib. Əyalət klubunu rekorddan 3 addım ayırır.

0