[b]“Qarabağ” və “Qəbələ”nin qarşısında duruş gətirmək çətindi - Nika Kvekveskiri[/b]
26.10.2015 - 10:13
[b]“Qarabağ” və “Qəbələ”nin qarşısında duruş gətirmək çətindi - Nika Kvekveskiri[/b]

“İnter” klubunun gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskirinin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının IX turunda autsayder “Rəvan”la matçın sizin üçün asan keçəcəyi gözlənilirdi. Amma qələbəni çətinliklə qazandınız. 90 dəqiqəni necə xarakterizə edərdiniz?

- Bizim üçün ağır oyun oldu. Çünki “Rəvan”ın xala ehtiyacı var. Hər xal onlar üçün böyük əhəmiyyət daşıyır. Bunu nəzərə almışdıq. Biz də ardıcıl 2 uğursuz nəticədən sonra qələbə qazanmaq istəyirdik. Üstəlik, yenidən üçüncü yerə yüksəlmək niyyətində idik. Bu şansdan sona qədər istifadə etməyə çalışacağıq.

 

- Zəif rəqiblə oyunda kifayət qədər boşluqlar verirdiniz. Bu nədən irəli gəlirdi?

- Hər qarşılaşmada istədiyini edə bilmirsən. Bəzən hazırlığın istənilən səviyyədə olmur. Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq.

 

- Bəs qeyri-sabit nəticələrlə yadda qalmağınız nəyin nəticəsidi?

- Mövsümün əvvəlində kifayət qədər yaxşı hazırlıq keçə bilmədik. Gec yığıldıq, vaxtımız olmadı. Üstəlik, futbolçular da oyunlar başladıqdan sonra komandaya qoşuldular. Yəni çempionata komplektləşmiş şəkildə başlaya bilmədik. Həm də mən yığmanın düşərgəsindən gəldim. Təbii ki, az da olsa yorğunluq var. Amma növbəti görüşlərə qədər yəqin ki, bunu aradan qaldırmağa çalışacağıq.

 

- I dövrə arxada qaldı və 9 turdan sonra 17 xal topladınız. Bu nəticə “İnter” üçün yetərlidimi?

- Mövsümün əvvəlindəki vəziyyətin, güclü maliyyə dəstəyinin olmamağının çıxışımıza təsir etdiyi aydındı. Üstəlik, “Qarabağ”, “Qəbələ” kimi maliyyə imkanları güclü olan klubların qarşısında duruş gətirmək çətindi.

 

- Avropa Liqasının oyunları zamanı da problemlər çox idi. Amma qitə miqyaslı yarışda çempionatdakından daha yaxşı çıxış edirdiniz. Hətta “Qarabağ”ın əsas rəqibi qismində “İnter”i görürdülər...

- Avropa Liqası zamanı uşaqlar güclərindən maksimum istifadə etdilər. Çempionat matçları zamanı ehtiyat oyunçular skamyasının qısa olması, rotasiya etmək imkanlarının məhdudlaşması, eləcə də maliyyə durumu nəticələrə təsir edir. “Rəvan” önünə zədə və cəza üzündən 7-8 əsas oyunçumuz olmadan çıxmışdıq. Yəni, eyni heyətlə ardıcıl 2-3 oyun keçirə bilmirik. Hər dəyişiklik isə müəyyən axsamalara yol açır.

 

- Maaşlarınızı necə, vaxtında ala bilirsinizmi?

- Bizdə mükafat yoxdu. Hansısa qələbəyə, heç-heçəyə görə pul ödənilmir. Ancaq maaş alırıq. Peşəkar futbolçularıq, oynamalıyıq. Qışda maliyyə problemlərinin həllini tapacağı və yeni futbolçuların komandaya qoşulacağı deyilir. Bu da oyunumuza müsbət mənada təsir edəcək.

 

0