“Qarabağ” Azərbaycanın adını həmişə layiqincə təmsil edib”. Bunu apasport.az saytına açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Topaz Premyer Liqasının XXVIII turunun “Bakı” – “Qarabağ” matçını (1:1) stadiondan izləyən keçmiş telejurnalist “Qarabağ”a olan sevgisindən danışıb: “Qarabağ” hamımızın komandasıdı. Hətta deyərdim ki, milli komanda kimidi. Mən “Qarabağ”a həm adına, həm də göstərdiyi oyuna görə azarkeşlik edirəm. Azərbaycan klubları arasında ən güclülərdən biridi. Bu komandanın məhz Qarabağı təmsil etməsi önəmlidi. Həmin adı layiqincə daşıyır. O güc “Qarabağ”da var. Amerikalı jurnalist Tomas Qoltsun "Qarabağ"la bağlı sənədli filmi üçün çıxışımda da bunları söylədim. Mənim bu komandaya sayğım böyükdü. Çünki “Qarabağ”ın hər bir üzvü hansı adı daşıdıqlarını dərk edir”.
Paşayeva “Qarabağ”ın oyununu stadiondan dəfələrlə izlədiyini bildirib: “Mən “Qarabağ”ın oyunlarına çox baxmışam. Avrokubok matçlarını da yaxından izləmişəm. “Bakı” ilə görüşdə “Qarabağ” rəhbərliyi komandanın 7 nömrəli futbolkasını mənə hədiyyə etdi. Bu, həyatımda aldığım ən gözəl hədiyyələrdən biridi”.
Millət vəkili “Qarabağ”ın “Bakı” ilə matçda sürpriz xal itkisinə də toxunub. O bildirib ki, futbolda bu cür nəticələri normal qarşılamaq lazımdı: “Futbolda belə hallar olur. Bu, “Qarabağ”ın zəifliyini göstərmir. “Qarabağ” sürpriz xal itkisi ilə üzləşən ilk komanda deyil. Futbol belədi, bəzən oyunun alınmır. Hamı bilir ki, “Qarabağ” ölkə çempionatında da, onun hüdudlarından kənarda da güclüdü. “Bakı” ilə oyundakı nəticəni normal qarşılayıram. Qardaş Türkiyə, o cümlədən İspaniya və İngiltərə çempionatlarında da ən güclü komanda bəzən xal itirir. Futbolda komandanın səviyyəsi bir oyuna görə ölçülmür”.
Futbola marağı böyük olan Paşayeva “Qarabağ”ın digər müsbət keyfiyyətlərindən də söz açıb: “Qarabağ” həmişə öz üzərində çalışır və bu, mənim çox xoşuma gəlir. Ən əsası, bu komandada çalışanlar heç vaxt bəhanə gətirmirlər. Boşluqlar olanda da bunu etiraf edirlər və çatışmazlıqların üzərində çalışırlar. İstərdim ki, “Qarabağ”ın, eləcə də digər komandalarımızın oyununu daha çox azarkeş izləsin. Hamını “Qarabağ”a dəstək olmağa çağırıram”.
Tengiz MƏMMƏDOV