[b]“Qarabağ”dan 3-cü, “Qəbələ”dən 2-ci qrup həyəcanına start[/b]
14.09.2016 - 11:28
[b]“Qarabağ”dan 3-cü, “Qəbələ”dən 2-ci qrup həyəcanına start[/b]

Sabah Avropa Liqasında qrup mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin 48 komandası ikinci dərəcəli klub turnirinin əsas raundunda mübarizəyə start verəcək.

 

12 qrupda ən yaxşıları müəyyənləşdirəcək iştirakçılar arasında iki Azərbaycan klubu da yer alıb. Bunlar son Azərbaycan çempionu “Qarabağ” və ötən mövsümün bürünc mükafatçısı “Qəbələ”di.

 

Ardıcıl 3-cü dəfə Çempionlar Liqasında mübarizəni dayandırıb, çıxışını daha aşağı səviyyəli Avropa Liqasında davam etdirən Ağdam klubu qrup mərhələsinə evdə start verəcək. İki dəfə adlaya bilmədiyi qrup səddini keçməkdə iddialı olan Qurban Qurbanovun yetirmələri Çexiyanın “Slovan” klubu ilə görüşəcək.

 

Ağdam təmsilçisi düşdüyü kifayət qədər asan qrupdan çıxmaq üçün yarışa qələbə ilə başlamalıdı. Düzdü, Çexiya klubları “Qarabağ” üçün çətin rəqib sayılır. Təmsilçimizin “Yablonets”ə uduzduğu vaxtlar arxada qalsa da, elə cari mövsüm Çempionlar Liqası ilə də “Viktoriya”ya yenilgi ilə kənarlaşıb. Cari mövsüm evdə keçirdiyi bütün avrokubok matçalrında qol vuran ölkə çempionu hücum xəttinin hücüm çexiyalılara da göstərmək əzmindədi.

 

Əvvəlki iki mövsümdə qrupu 1 qələbə ilə başa vuran Qurbanovun komandası bu dəfə elə ilk oyunda azarkeşlərini 3 xala sevindirməlidi. İlk dəfə qrup oyununu “Dalğa Arena”da keçirəcək komanda dolu tribunalar önündə bu vəzifənin öhdəsindən gəlməyə borcludu. Əks halda isə xal itkisi sonra baha başa gələ bilər.

 

“Qəbələ”nin ilk turda işi daha çətin olacaq. Roman Qriqorçukun yetirmələri səfərdə, həm də Belçikanın ən titullu klubu “Anderlext”ə qarşı mübarizə aparacaq. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan “qırmızı-qaralar” meydana xal iddiası ilə çıxacaq.

 

Ötən il qrupu qələbəsiz başa vuran qəbələlilər ilkə cari mövsümdə imza atmalıdı. Əyalət klubu elə ilk turda da bunu reallaşdıra bilər. Lakin Avropanın tanınmış klubu ilə matçda bunun öhdəsindən gəlmək asan olmayacaq.

 

Əvvəllər “Anderlext”in qonağı olan “Neftçi” və “Qarabağ”ın Brüsseldəki məğlubiyyətləri rəqibin evdə daha güclü olduğunu göstərir. Hər iki komandamız belçikalılara Bakıda qalib gəlsə də, “bənövşəyilər”lə səfər matçı çox ağır keçib.

 

Təsnifat mərhələlərində məhsuldarlığı ilə diqqət çəkən “Qəbələ” səfərdə əsas silahlarından olan Teo Uiksdən yararlana bilməyəcək. Cəzalı futbolçunun yoxluğundan yeni transferlərdən olan Ruslan Qurbanov özünü göstərə bilər.

 

Qeyd edək ki, “Qarabağ” saat 19:00-da, “Qəbələ” isə 21:00-da meydana çıxacaq.

 

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

 

19:00. “Qarabağ” – “Slovan” (Çexiya)

Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel

Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)

Hakim-İnspektor: Vladimir Antonov (Moldova)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

"Dalğa Arena"

 

21:00. “Anderlext” – “Qəbələ”

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger

Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam

Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)

UEFA nümayəndəsi:  Emil Ubias (Çexiya)

"Konstant Vanden Stok" stadionu