“Qarabağ” ikinci dəfə Muarem Muaremlə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 2012-ci ilin yanvarında Ağdam klubuna “Rabotniçki”dən keçən makedoniyalı yarımmüdafiəçi geridə qalan 5 il yarımın yalnız 6 ayını Azərbaycandan kənarda, Türkiyədə (“Əskişəhərspor” – 2015-ci il) keçirib.
29 yaşlı futbolçu karyerası ərzində ən çox formasını geyindiyi klub olan “Qarabağ”da ümumilikdə 159 matçda meydana çıxıb. Bu qarşılaşmalarda 30 qola imza atan Muarem 13 dəfə də sarı vərəqə ilə cəzalandırılıb.
O, bu görüşlərin 118-ni Premyer Liqa çərçivəsində keçirib və 24 dəfə rəqib qapılarına yol tapıb. Azərbaycan kubokunda 16 oyunun (2 qol) iştirakçısı olan Makedoniya millisinin üzvü 2 mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a kömək edib.
Avrokuboklarda ümumilikdə 25 matçda iştirak etmiş futbolçu 20 dəfə Avropa Liqası həyəcanı yaşayıb. O, Avroliqanın seçmə mərhələsində 5 (1 qol), qrupda isə 15 (2 qol) görüşdə meydana çıxıb. Çempionlar Liqasında qrup üzü görməyən Muarem təsnifat mərhələlərində 5 dəfə baş məşqçi Qurban Qurbanov tərəfindən şans qazanıb və bunun 1-də fərqlənməyə macal tapıb.
Altı aylıq “Əskişəhərspor” macərasının ardından ötən ilin əvvəlində “Qarabağ”a qayıdan Muarem geridə qalan mövsümdə 40 görüşün iştirakçısı olub. Premyer Liqada 23 matçda 4 dəfə fərqlənən oyunçu ölkə kubokunun 5 qarşılaşmasında meydana çıxıb, 1 qola imza atıb. Avrokuboklarda isə 12 matçda 2 qolla yadda qalıb.
Muarem “Qarabağ”ın son dörd mövsümündəki ölkə çempionluqlarının hamısında qızıl medalı boynundan asan azsaylı oyunçulardan olub. O, həmçinin Ağdam təmsilçisi ilə 2 dəfə Azərbaycan kubokuna (2014-15, 2015-16) sahib olub.