“Atletiko”nun cari mövsümdəki çıxışı ABŞ mətbuatında müzakirə mövzusuna çevrilib. Apasport.az saytı xəbər verir ki, İspaniya Kral Kubokunun 1/4 final mərhələsində evdə “Sevilya”ya (1:2) məğlubiyyətdən sonra məşhur ESPN şirkəti uğursuzluğun səbəbini araşdırıb.
Maraqlıdı ki, həmkarlarımız Madrid təmsilçisinin bu mövsüm doğma arenasındakı sürpriz nəticələrini stadionla əlaqələndiriblər. Belə ki, bu mövsümdən “Visente Kalderon”la vidalaşaraq, yeni inşa edilən “Vanda Metropolitano”ya köçən Dieqo Simeonenin yetirmələri azarkeşlərini burda sevindirə bilmir.
Bununla bağlı geniş yazı dərc edən nəşr Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən qarşılaşmanı da yada salıblar: “Vanda Metropolitano”da atmosfer “Visente Kalderon”dakı kimi deyil. Həm La Liqada, həm də avrokubokda iştirak edən heç bir komanda “Visente Kalderon”a səfər etmək istəmirdi. Həmin atmosfer tamamilə yox olub. “Vanda Metropolitano”ya gələnlər “Çelsi”nin qələbəsini, “Qarabağ”ın layiqli heç-heçəsi gördülər. Yeni arenada keçirilən “böyük oyun” (“Sevilya”, “Vilyarreal”, “Barselona”, “Real” və avrokubokdakı rəqiblər) adlandırdığınız 8 qarşılaşmanın cəmi 2-də “Atletiko” qələbə qazana bildi. “Visente Kalderon”da bu hal heç vaxt baş verməzdi. Unutmayaq ki, Çempionlar Liqasında “Çelsi” və “Qarabağ”ı məğlub edə bilməyən həmin “Atletiko” ötən mövsüm qrupu “Bavariya”nın önündə tamamlayan komandadı”.
Qeyd edək ki, “Qarabağ” “Atletiko” ilə Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərə qalmışdı.