“Qarabağ” Topaz Premyer Liqasının cari mövsümündə 2-ci məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, XXVI turda öz meydanında “Neftçi”yə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri klub tarixində yeni rekord vurmaq şansını qaçırıb.
Bu oyunadək cəmi bir dəfə məğlubiyyət alan Ağdam klubu bu göstəricidə Azərbaycan çempionları tarixində ən yaxşı nəticəsini göstərməyə yaxın idi. Belə ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında daim iştirak edən “Qarabağ”ın 2 dəfədən az uduzmasına təsadüf olunmamışdı.
İlk çempionluğunu əldə etdiyi 1993 mövsümündə və növbəti - 1993/94 mövsümündə çempionatı cəmi 2 məğlubiyyətlə qapayan “Qarabağ” həmin rekordunu yeniləmək imkanını qaçırıb. Artıq ağdamlılar ən yaxşı halda öz rekordunu təkrarlamış olacaq. Elə bu təkrar üçün də komanda “Keşlə” və “Qəbələ” ilə çətin səfər matçlarında uduzmamalıdı.
Mövsümdə ilk ev məğlubiyyətini “Neftçi”dən alan “Qarabağ” bunadək yalnız “Qəbələ” ilə səfər matçında uduzmuşdu. VIII turdakı 0:1 hesablı yenilgidən sonra 17 matç yenilməyən Qurbanovun komandası yenə eyni hesaba üzülüb.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin mütləq rekordu 1997/98 mövsümünü məğlubiyyətsiz başa vuran “Kəpəz”ə məxsusdu.