Çempionlar Liqasının IV turunda bu gün “Atletiko”nun qonağı olacaq “Qarabağ”da heyətlə bağlı problemlər məşqçilər korpusunu narahat etməyə bilməz. Apasport.az saytının məlumatına görə, itkilər baş məşqçi Qurban Qurbanovu heyətdə dəyişikliklərə vadar edəcək.
Qırmızı vərəqə cəzalısı Dino Ndlovu və uzun müddətə sıradan çıxan Bədavi Hüseynovun yoxluğu az imiş kimi, Pedro Enrikenin də durumu qeyri-müəyyəndi. Madriddə meydana çıxmayacaq futbolçulardan yalnız Bədavini kimin əvəzləyəcəyi bəllidi.
Qapıçı İbrahim Şehiçin önündə kapitan Rəşad Sadıqovla polşalı Yakub Jezniçak duet təşkil edəcək. Ansi Aqolli müdafiənin sol, zədəsini yenicə sağaldan Maksim Medvedev isə sağ cinahında çıxış edəcək. Maksim tam hazır olmasa da, çətin ki, belə çətin dönəmdə kənarda qalsın.
Yarımmüdafiə xəttinin mərkəzində heç bir dəyişiklik olmayacaq. Dayaq yarımmüdafiəçisi Qara Qarayevlə pleymeyker Miçel orta sahədə Riçard Almeydadan dəstək alacaqlar. Ancaq cinahlar və hücum xətti müəmmalıdı. Zədəli Pedro Enrike özünü hazır hiss etsə, sağ cinahdakı yerini alacaq. Ən pis halda həmin mövqedə Tarik Elyunussiyə şans veriləcək.
Sol cinah isə hücumda kimə şans verilməsindən asılı olacaq. Ndlovunun yerini Mahir Mədətov tutsa, o zaman Qurban Qurbanov solda Vild-Donald Geryeyə güvənəcək. Ancaq çalışdırıcı hücumda Ramil Şeydayevə etibar etsə, Mahir soldan, Gerye isə ehtiyatdan başlayacaq. Hər halda birinci ehtimal daha inandırıcı görünür.
O ki qaldı rəqib “Atletiko”ya, onların da 3 itkiləri var. Yarımmüdafiəçilər Yannik Karrasko, Koke və hücumçu Kevin Qameyro qarşılaşmanı buraxacaqlar.
İspaniya mətbuatına inansaq, qapıçı Yan Oblakın önündə soldan sağa doğru Filipe Luis, Dieqo Qodin, Lukas Ernandes və Xuanfran meydandakı yerlərini tutacaqlar. Qabi və Tomas Parteyin yarımmüdafiənin mərkəzində, Saul Nigeslə Nikolas Qaytanın isə cinahlarında iştirakı gözlənilir.
Qameyronun yoxluğunda çox güman ki, hücumda Antuan Qrizmana Anxel Korrea tərəfdaşlıq edəcək.
Komandaların təxmini “11-lik”ləri
“Atletiko”: Yan Oblak; Dieqo Qodin, Lukas Ernandes (Xose Ximenes), Filipe Luis, Xuanfran; Saul Niges, Nikolas Qaytan, Qabi, Tomas Partey; Anxel Korrea, Antuan Qrizman
“Qarabağ”: İbrahim Şehiç; Rəşad Sadıqov, Yakub Jezniçak, Ansi Aqolli, Maksim Medvedev; Qara Qarayev, Riçard Almeyda, Miçel, Pedro Enrike (Tarik Elyunussi), Vild-Donald Gerye (Ramil Şeydayev); Mahir Mədətov.
Qeyd edək ki, “Vanda Metropolitano” stadionunda keçiriləcək “Atletiko” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 23:45-də başlayacaq.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya