“Qarabağ”ın Suraxanı qəsəbəsindəki yeni bazasında tikinti işləri artıq yekunlaşmaq üzrədi. Bunu apasport.az saytına Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib.
O bildirib ki, yeni stadion gələn mövsümün startına qədər komandanın ixtiyarında olacaq: “Bazada 3 meydança tikilir - biri əsas, ikisi ehtiyat. Onların hər üçü artıq hazırdı. Toxum da əkilib ki, inkişaf etsin. Həmçinin tribunalarda da tamamlanma işləri gedir. 85-90 faiz iş görülüb. İnzibati otaqlar isə artıq istifadəyə hazırdı. İnşallah, gələn mövsümün startına qədər stadionumuz tam hazır olacaq və komanda çempionat oyunlarını bundan sonra orda keçirəcək”.
Yeni stadion beynəlxalq standartlara cavab versə də, Çəlikəl Avrokubok oyunlarını yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini bildirib: “Yeni stadionumuz əsasən daxili yarışlar üçün nəzərdə tutulub. Avrokubok oyunlarımızı Respublika stadionunda keçirəcəyik. Həmin vaxt azarkeş marağını nəzərə alıb “Tofiq Bəhramov”a üstünlük vermişik”.