[b]“Qarabağ”ın zədəlisi sağaldı[/b]
07.05.2016 - 12:53
[b]“Qarabağ”ın zədəlisi sağaldı[/b]

Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün “Sumqayıt”la qarşılaşacaq “Qarabağ”ın heyətlə bağlı problemi qalmayıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin zədəli futbolçusu Muarem Muarem də artıq sıraya dönüb.

 

Azərbaycan Kubokunun “İnter”ə qarşı ilk yarımfinal oyununda zədələnərək erkən əvəzlənmək məcburiyyətində qalan makedoniyalı yarımmüdafiəçi bu üzdən həm cavab qarşılaşmasını, həm də Premyer Liqanın ötən turunda “Zirə” ilə görüşü buraxmışdı. Lakin artıq sağalan 28 yaşlı futbolçu bu həftə kollektivlə birlikdə məşqlərdə iştirak edib. Məşqçilər korpusu şans verərsə, Muarem hətta bugünkü matçda da meydana çıxa bilər.

 

Ağdam təmsilçisinin yeganə itkisi Rahid Əmirquliyevdi ki, onun üçün mövsüm çoxdan qapanıb.

 

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:00-da başlayacaq.

0