[b]“Qartal”ın “uşaqlar”la növbəti dueli və ya “Mançester Yunayted” büdrəyəcəkmi?[/b]
19.04.2017 - 15:53
[b]“Qartal”ın “uşaqlar”la növbəti dueli və ya “Mançester Yunayted” büdrəyəcəkmi?[/b]

Sabah Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 4 görüşdən sonra yarımfinalçılar məlum olacaq.

 

Turnirin əsas favoriti “Mançester Yunayted” səfərdə qollu bərabərə qaldığı “Anderlext”i qəbul edəcək. Prinsipcə, “qırmızı şeytanlar”ı qolsuz heç-heçə də qane edir. Ancaq Joze Mourinyonun yetirmələri qələbə qazanaraq, sürprizə imkan verməməyə çalışacaqlar. Doğrudu, Fil Cons, Kris Smollinq, Xuan Mata kimi futbolçuların yoxluğu ciddi itkidi. Üstəlik, kapitan Ueyn Runinin də iştirakı sual altındadı. Buna baxmayaraq, ingilislər istənilən halda cütün favoritidi.

 

Belçikanın digər təmsilçisi “Genk” cavab oyununu evdə keçirəcək. “Şirinlər” doğma arenada “Selta” ilə üz-üzə gələcək. Səfərdə minimal hesabla məğlub olan Albert Stuvenberqin kollektivinin “Selta” səddini keçmək üçün 1 cavabsız qola ehtiyacı var. Hər iki komanda turniri qələbə ilə başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyir. Ancaq yarımfinal yolunda tərəflərdən biri mübarizəni dayandırmalı olacaq.

 

Əvvəlki günlərinə qayıtmağa çalışan “Ayaks” Almaniyaya səfər edəcək. “Tanrıların oğlanları” evdə 2:0 hesabı ilə qalib gəldikləri “Şalke” ilə bu dəfə Gelzenkirhendə qarşılaşacaq. “Ayaks”dan fərqli, ölkə çempionatından avrokuboklara vəsiqə şansı çox az olan “mədənçilər” bu üzdən əsas diqqətlərini Avroliqaya yönəldiblər. Ancaq Markus Veinzerinin komandasının işi asan olmayacaq. Böyük hesabla qalib gəlmək məcburiyyətində olan “Şalke”nin heyətlə bağlı problemləri də kifayət qədərdi.

 

Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Beşiktaş” “Lion”la münasibətlərinə aydınlıq gətirəcək. Fransadakı məlum qalmaqaldan sonra Türkiyədə keçiriləcək görüşə maraq daha böyükdü. İlk matçda məğlub olmasına baxmayaraq, səfər qolu “ağ-qaralar”a çox kömək edə bilər. Çünki indi bir cavabsız qol “qara qartal”ı yarımfinala daşıya bilər. Fransızlar İstanbula iki aparıcı müdafiəçini gətirə bilməyəcəklər. Belə ki, Rafael cəza, Emanuel Mammana isə zədə ucbatından “uşaqlar”ın heyətindən kənarda qalacaqlar. Türkiyə klubunda da vəziyyət ürəkaçan deyil. Marselo və Vensan Abubakar cəza ucbatından komandaya kömək edə bilməyəcək. Həmçinin Adriano, Rodolfo və Caner Erkin də zədədən əziyyət çəkir. Onların sabah meydana çıxıb-çıxmayacaqları bəlli deyil. Rikardo Kuarejmanın sağalması isə baş məşqçi Şenol Günəşin üzünü güldürən əsas məqamdı.

 

 

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

 

23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa)

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. “Vodafon Arena”

İlk oyun – 1:2

 

23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. “Luminus Arena”

İlk oyun – 2:3

 

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:1

 

23:05. “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. “Veltins Arena”

İlk oyun – 0:2

 

0