Topaz Premyer Liqasının XXXII turunun “Qəbələ” və “Qarabağ” arasında mərkəzi oyununun baş hakimi olacaq Elvin Əsgərov mövsümdə 16-cı çempionat matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, əvvəlki 31 turda 15 matça çıxan referi 6 dəfə meydan sahibləri, 6 dəfə qonaqların qələbəsini qeydə alıb. O, 3 matçda heç-heçəyə şahid olub.
Bu matçlarda yalnız 1 penalti təyin edən hakim meydan sahiblərini cəzalandırıb. Əsgərovun 6 qırmızı vərəqəsi isə meydan sahibləri ilə qonaqlar arasında bərabər bölünüb.
“Qarabağ”ın oyununa ilk dəfə təyinat alan referi “Qəbələ”nin 4 matçında iştirak edib. Bu matçlarda penalti və qırmızı vərəqə ilə bağlı qərar qeydə alınmayıb.
VI turda “İnter”lə (0:0), XV turda “Xəzər Lənkəran”la (0:3) qarşılaşmalarda fit çalan Əsgərov mövsümün 2-ci yarısında da 2 dəfə “Qəbələ” ilə görüşüb. “Qırmızı-qaralar” XXII turda “Neftçi”yə məğlub olubsa (1:3), XXIX turda “Simurq”a qalib gəlib – 1:0.