“Qəbələ”nin yay təlim-məşq toplanışı üçün hansı ölkəyə yollanacağı hələ tam bəlli deyil. Apasport.az saytının məlumatına görə, bunu klubun meneceri Səbuhi Səfiyarlı deyib.
O bildirib ki, hazırda 3 ölkə arasında seçim aparılır: "Avroliqaya hazırlıq dövründə 4 yoxlama oyunu keçirmək istəyirik. Matçlar üçün tarixlər nəzərdə tutulsa da, dəqiq olmadığından, hələ açıqlamağı lazım bilmirik. Hansı ölkədə yoxlama oyunu
keçirməyə rəqib tapsaq, ora yollanacağıq. Məkan seçimi ilə əlaqədar olaraq, Türkiyənin Ərzurum şəhərinə yollanmışdım. Şərait yaxşıdı, orda toplanış keçirmək istəyirik. Ancaq rəqib olmasa, başqa məkanda hazırlıq keçməli olacağıq. Hazırda 3 variant var - Türkiyə, Avstriya və Sloveniya. Seçimdə əsas şəraiti nəzərə alacağıq”.
Ölkəmizi gələn mövsüm Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” yay toplanışına iyunun 8-də start verəcək. Komanda iyunun 24-də Qəbələyə qayıtmağı planlaşdırır. Bundan sonra futbolçulara 2 günlük istirahət veriləcək və iyunun 27-dən Avropa Liqasında ilk oyunun hazırlığına başlanılacaq.
“Qəbələ”nin Avropa Liqasındakı rəqibi iyunun 22-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatmada müəyyənləşəcək. Komanda I təsnifat mərhələsinin ilk oyununu - iyunun 3-dəki matçını səfərdə oynamalı olarsa, toplanış keçəcəyi məkandan birbaşa həmin ölkəyə yollana bilər.
Qeyd edək ki, cari mövsümdə sonuncu oyununu mayın 28-də Qəbələdə “Bakı”ya qarşı keçirəcək "qırmızı-qaralar" ardından 11 günlük istirahətə buraxılacaq. ("Qəbələ İK" qəzeti)