[b]“Qəbələ” Avropa Liqasına harada hazırlaşacaq?[/b]
06.05.2015 - 13:50
[b]“Qəbələ” Avropa Liqasına harada hazırlaşacaq?[/b]

Ardıcıl ikinci dəfə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin yeni mövsümə hazırlıqla bağlı ilkin planı bəlli olub. Apasport.az saytının məlumatına görə, əyalət klubu 2015/16 mövsümünə hazırlığa Türkiyədə start verəcək.

 

“Qırmızı-qaralar” həmişə təlim-məşq toplanışı keçdikləri Antalyada deyil, Ərzurumda hazırlıq keçmək fikrindədi. Komanda hazırlıqlara iyunun 8-də başlayacaq. Toplanışın ayın 24-dək davam etməsi nəzərdə tutulub.

 

Lakin hazırlığın tarixi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun ev və ya səfərdə keçirilməsindən asılı olaraq dəyişə bilər. İlk oyun evdə keçirilsə, komanda vətənə elə 24-də qayıdacaq. Əks halda isə oyuna birbaşa Türkiyədən yollanacaq.

 

“Qəbələ”nin Ərzuruma alternativ variantları da götür-qoy edir. Buna səbəb adıçəkilən məkanda sınaqçı rəqiblərin az olmasıdı. Ərzurumda yoxlama oyunları üçün rəqib tapmağın çətinliyi “qırmızı-qaralar”ı başqa məkana üz tutmağa vadar edə bilər.

 

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab matçları 9-da keçiriləcək. Mövsümün ilk püşkatması isə iyunun 22-də baş tutacaq.