Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında çempion olan “Qəbələ” tarixində ilk dəfə bu uğura nail olub. Apasport.az saytının məlumatına görə, XXXII turun “Neftçi” ilə oyununda 3:0 hesabı ilə qalib gələn əyalət klubu çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib.
Ardıcıl 6-cı qələbəsini qazanan Ramin Quliyevin baş məşqçisi olduğu komanda xal hesabını 72-yə çatdırıb. Ən yaxın izləyicisi “Sumqayıt”in “İnter”lə matçda xal itirməsindən yararlanan “qırmızı-qaralar” fərqi 13-ə yüksəldib.
Qeyd edək ki, ilk dəfə 1997/98 mövsümündə keçirilən turnirin qalibi OİK (Bakı) olmuşdu. Daha sonra uzun müddət fasilə verilən, bir də 2008/09 mövsümündən etibarən mütəmadi olaraq təşkil edilən birincilikdə hazırda davam edən 9-cu çempionatdı.
Mövsüm başa çatmamış çempionluğu təmin edən “Qəbələ” bu yarışda qalib olan ümumilikdə 6-cı komandadı.
Daha əvvəl OİK, “Neftçi” (2 dəfə), “Qarabağ”, “Bakı” (2 dəfə) və “İnter” (2 dəfə) turnirin qalibi adını qazanıb.
Əvəzedicilərin yarışının bütün qalibləri
1997/98. OİK (Bakı)
2008/09. “Neftçi” (Bakı)
2009/10. “Qarabağ” (Ağdam)
2010/11. “Bakı” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Bakı” (Bakı)
2013/14. “İnter” (Bakı)
2014/15. “İnter” (Bakı)
2015/16. “Qəbələ” (Qəbələ)