“Qəbələ” Azərbaycan Premyer Liqasının X turunda baş tutacaq AZAL-la oyununun hazırlıqlarına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 9-cu turda “Zirə” ilə baş tutan oyundan (0:0) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda hazırlıq keçib.
Səhər baş tutan məşqdə komanda iki qrupda çalışıb. “Zirə” ilə matçın iştirakçıları fiziki və bərpaedici hazırlıq keçibsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular hazırlıqda iştirak edib. “Qəbələ” bu gün səhər növbəti məşqini keçirəcək.
Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək “Qəbələ” – AZAL oyunu saat 17:00-da başlayacaq.