[b]“Qəbələ” ilə də aradakı xal fərqini “əritmək” mümkündü”[/b]
06.04.2018 - 13:45
[b]“Qəbələ” ilə də aradakı xal fərqini “əritmək” mümkündü”[/b]

“Sumqayıt”ın müdafiəçisi Rail Məlikovun apasport.az saytına müsahibəsi

 

- Həftəsonu Premyer Liqanın XXII turunda “Neftçi” ilə qarşılaşacaqsız. Bu oyun 3-cü pillədə möhkəmlənmək baxımından böyük əhəmiyyət kəsb edir. Hazırlıq necə gedir?

- Yüksək səviyyədə hazırlıq keçirik. Baş məşqçimiz Samir Abasov burda olmasa da, verdiyi proqramlar üzrə işləyirik. Bu görüşdə əsas hədəfimiz 3 xaldı.

 

- Daha əvvəl 5 il paytaxt klubunda çıxış etmiş, bir çox titullar qazanmısınız. “Sumqayıt”ın heyətində “Neftçi”yə qarşı oynayanda xüsusi motivasiyanız olur?

- Hər matça eyni formada hazırlaşıram. Mənim üçün hansı komanda ilə oynamağımızın fərqi yoxdu. Hazırda “Sumqayıt”da çıxış edirəmsə, bu klub üçün əlimdən gələni etməliyəm. Lakin “Neftçi” də mənə doğmadı.

 

- III dövrədə ən çox xal toplayan kollektiv “Sumqayıt” oldu. Komandadakı yüksəlişin səbəbi nədi?

- Düzgün məşqlər, əzmkar oyun və komandadakı birlik uğurumuzun əsas səbəbləridi. Doğru yolda olduğumuzun nəticəsidi ki, qış fasiləsindən sonra məğlub olmamışıq. Hər kəs qələbə üçün “vuruşur”, avrokuboklara vəsiqə qazanmağa köklənib. Bu şəhərə Avroliqa yaraşır.

 

- Mövsümün əvvəlində 4-cü pilləyə iddia edirdiniz. Hazırda isə 2-ci yerdəki “Qəbələ”dən 5 xal geri qalırsınız. Artıq gümüş medala ümid edirsiniz?

- Mövsümün sonuna 7 tur qalıb. Maksimum dərəcədə çox xal toplamağa çalışırıq. II dövrədən sonra “Zirə” bizi 10 xal qabaqlayırdı. Hazırda isə onları 1 xal üstələyirik. Deməli, “Qəbələ” ilə də xal fərqini “əritmək” mümkündü. Hətta ötən tur əlimizə yaxşı fürsət düşmüşdü. Əgər səfərdə “Qəbələ”yə qalib gəlsəydik, indi fərq 2 xala bərabər olardı.

 

- Komandanın avrokuboklara vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiniz?

- Avrokuboklara vəsiqə qazanmağı çox istəyirik. İlk dəfədi ki, Avropa Liqasına bu qədər yaxınıq. Düşünürəm ki, digər güclü klubları qabaqlamışıqsa, buna da layiqik. Təki Avropa Liqasına yüksələk, daha sonra orada nəyə qadir olduğumuzu göstərərik.

 

- Ölkə kubokunun yarımfinalında “Keşlə” ilə qarşılaşacaqsınız. Bu rəqib barədə nə deyə bilərsiniz?

- İki cəbhədə mübarizə aparmağımız işimizi çətinləşdirir. Lakin bu turnirdə də maksimumu hədəfləmişik. “Keşlə” ilə oyun maraqlı və ağır olacaq. Şanslarımız 50-50-yədi. Ümid edirəm ki, layiqli komanda finala adlayacaq.

 

- “Keşlə”nin qış fasiləsindən sonra uğurlu çıxışı sizin gözünüzü qorxutmur?

- Digər komandaların oyunu barədə maraqlanmırıq. Onların necə çıxış etməsi bizdə tədirginlik yaratmır. Sadəcə, öz oyunumuza baxırıq.

 

- “Sumqayıt”ın bir neçə futbolçusu millinin son yoxlama oyunlarına cəlb olunub. Bu hal klubun digər futbolçularına, həmçinin sizə əlavə stimul vermir?

- Azərbaycan yığmasında oynamaq hər bir futbolçu üçün şərəfdi. Çox sevindirici haldı ki, “Sumqayıt”ın 4 üzvünə dəvət gəlmişdi. Hər kəs özünü yaxşı tərəfdən göstərmək istəyir ki, millinin düşərgəsinə çağırılsın. 8 il yığmada oynamışam. Əgər indi də ehtiyac duyulsa, canla-başla kömək edərəm.

 

- Artıq 33 yaşınız var, karyeranızın qürub çağlarını yaşayırsınız. Gələcəklə bağlı planlarınız nədi?

- Daha 2 il futbol oynamaq istəyirəm. Bununla yanaşı, məşqçilik kurslarına da qatılmağı planlaşdırıram. Futboldan ayrı qalmaq istəmirəm. A və B kateqoriyasını alandan sonra məşqçi kimi çalışmaq arzusundayam.

 

Elmar RZA

0