“Qəbələ” tarixində ikinci dəfə Azərbaycan Kubokunun finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, bu, “İnter”lə yarımfinal mərhələsinin cavab oyununda rəsmiləşib.
İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri doğma azarkeşləri önündə keçirdiyi cavab matçında da 2 cavabsız qolla qələbə qazanıb. Bununla da, “qırmızı-qaralar” yenidən həlledici qarşılaşmaya vəsiqə əldə edib.
Qriqorçukun rəhbərliyi altında ilk dəfə bunu bacaran “Qəbələ”nin buna qədər yeganə uğuru 2013/14 mövsümünə təsadüf etmişdi. Əyalət təmsilçisi həmin vaxt həlledici görüşdə “Neftçi” ilə qarşılaşmışdı. Yuri Syominin baş məşqçisi olduğu oyun 1:1 hesabı ilə başa çatdığından, kubokun qalibi penaltilər seriyası ilə müyyənləşmişdi. “Lotoreya”da “ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlmişdilər.