“Qəbələ”nin hücumçusu Famussa Kone cari mövsümü Azərbaycanda tamamlayacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” “Samsunspor”un maraq dairəsində olan malili futbolçunu buraxmaq fikrində deyillər.
Türkiyə mətbuatında Konenin Azərbaycandan ayrılmasının gündəmdə olduğu yazılsa da, “Qəbələ” buna razılıq verməyi düşünmür. Komandanın baş məşqçisi Roman Qriqorçuk yayda “Göztəpə”dən icarəyə götürdükləri 23 yaşlı forvardın sözləşməsinin sonuna qədər komandada qalmasını istəyir. Bu isə o deməkdi ki, sabiq klubu “Samsunspor”un Koneni heyətinə qatmaq istəyi qış “trasnsfer pəncərəsi”ndə baş tutmayacaq.
“Qəbələ”nin ukraynalı çalışdırıcısı rəhbərlikdən daha bir hücumçunun transfer edilməsini istəyib. O, “qırmızı-qaralar”a lazım olmayan, bu səbəbdən göndərilən Ekiqo Ehiosunun yerinin doldurulmasının tərəfdarıdı.
Qeyd edək ki, ölkə kubokunda yarımfinala adlayan “Qəbələ” Azərbaycan Premyer Liqasında isə qış fasiləsinə ikinci pillədə yollanıb.