[b]“Qəbələ” rəsmiləri Yaponiyada - FOTO[/b]
19.04.2016 - 16:24
[b]“Qəbələ” rəsmiləri Yaponiyada - FOTO[/b]

“Qəbələ” İdman Klubunun rəhbərliyi Yaponiyada işgüzar səfərdədi. Apasport.az-ın klubu rəsmi saytına istinadən məlumatına görə, vitse-prezident Fariz Nəcəfov, baş menecer Zaur Əzizov, media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, akademiya direktorunun müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı “Naqoya Qrampus” Futbol Klubunun dəvəti ilə adıçəkilən ölkəyə yollanıblar.

 

Dəvətdə məqsəd “Qəbələ”ni Yaponiya futbolu və “Naqoya Qrampus” klubu ilə yaxından tanış etmək və klubların təcrübəsini bölüşməkdi. Heyət səfər çərçivəsində bu gün öncə klubun bazasını gəzib və əsas komandanın məşqini izləyib. Ardınca “Naqoya Qrampus”un baş məşqçisi Takafumi Ogura və “Qəbələ” Futbol Akademiyasının sabiq direktoru, hazırda “Naqoya Qrampus”da icraçı direktor və yardımçı məşqçi vəzifəsini yerinə yetirən Stenli Brardla görüş keçirilib. Görüşdə klublar arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.


”Qəbələ” rəsmiləri daha sonra klub akademiyasını ziyarət ediblər. Akademiyanın şəraiti, məşq prosesi və iş rejimi ilə tanış olan heyət ardınca “Toyota” stadionuna yollanıb. Burda təmsilçilərimizə stadion haqda ətraflı məlumat verilib. Bildirilib ki, “Naqoya Qrampus” hazırda oyunlarını rəqibə və azarkeş marağına görə iki stadionda keçirir. Daha vacib və böyük azaerkeş marağına səbəb olan görüşlər 40 min tutuma malik “Toyota Arena”da keçirilir. Nisbətən az marağa səbəb olan matçlar isə 20 minlik  “Palomo Mizuho” stadionunda baş tutur.
 

İşgüzar heyət sabah Yaponiya Kuboku çərçivəsində keçiriləcək “Naqoya Qrampus” - “Vanforet Kofu” matçını izləyəcək. Oyun zamanı “Naqoya Qrampus”un prezidenti Kazumasa Kume ilə görüş planlaşdırılır.

 

Qeyd edək ki, “Qəbələ” rəsmilərinin səfər xərclərini Yaponiya klubu öz üzərinə götürüb.

0