[b]“Qəbələ” üçün vacib qərar sabah veriləcək[/b]
16.10.2016 - 16:06
[b]“Qəbələ” üçün vacib qərar sabah veriləcək[/b]

Topaz Premyer Liqasının VIII turunda səfərdə “İnter”lə qarşılaşan “Qəbələ” meydanı bir xalla tərk etdi. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan görüş qonaqlar üçün iki ciddi itki ilə yadda qaldı.

 

Belə ki, qarşılaşmanın gedişində zədələnən kapitan Rəşad Sadiqov və Baqali Dabo matçı davam etdirə bilməyərək, meydanı tərk etməyə məcbur oldular.

 

Bu həftə “qırmızı-qaralar”ın Avroliqada “Sent-Etyen”lə vacib matçının olduğunu göz önünə gətirsək, hər iki oyunçunun mümkün itkisi komanda üçün baha başa gələ bilər. Nəzərə alsaq ki, gürcü yarımmüdafiəçi Nika Kvekveskiri də uzun müddətdi ki, zədə səbəbindən Roman Qriqorçukun sərəncamında deyil, vəziyyətin nə qədər kritik olduğunu təsəvvür etmək olar.

 

Futbolçuların vəziyyətləri ilə bağlı məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. “Qəbələ” rəsmisi hər iki oyunçuya matçdan dərhal sonra klub həkimləri tərəfindən ilk tibbi yardım göstərildiyini bildirib. Ancaq onların xəsarətlərinin dəqiq vəziyyəti haqqında geniş müayinələrdən sonra məlumat vermək mümkün olacaq.

 

Həftənin bazar ertəsi günü tibbi müayinədən keçəcək oyunçular haqqında həkimlər yekun rəy bildirəcəklər. Bundan sonra isə onların Avrokuboklarda oynayıb-oynamayacağı bəlli olacaq.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Sent-Etyen” – “Qəbələ” matçı oktyabrın 20-də Sent-Etyen şəhərində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

0