Yay fasiləsində heyətinə əl gəzdirən “Qəbələ” hələ də “transfer bazarı”ndakı fəallığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” indi bütün diqqəti yarımmüdafiənin gücləndirilməsinə yönəldib.
Artıq 10 futbolçu ilə yollarını ayıran və bir o qədər də transfer həyata keçirən “Qəbələ” yarımmüdafiənin cinahına da oyunçu alacaq. Ekiqo Ehiosunla yeni müqavilə imzalamaqdan imtina edən klub bu boşluğu “Neftçi”dən ayrılan Julius Vobayla doldura bilər.
Syerra-leoneli oyunçu karyerasını “Qəbələ”də davam etdirməyə artıq razılıq verib. Lakin klub rəhbərliyi bu məsələdə tələsmək fikrində deyil. Şimallıların meneceri Səbuhi Səfiyarlı saytımıza açıqlamasında Vobayın “Qəbələ”yə keçməmə ehtimalının olduğunu bildirib: “Vobayla yanaşı, həmin mövqeyə başqa namizədlərimiz də var. Hazırda onlarla danışıqlar gedir”.