Baş məşqçi postuna Sənan Qurbanovu gətirən “Qəbələ” vaxt itirmədən transfer çalışmalarına start verib. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu ilk olaraq onlara lazım olmayan futbolçuları müəyyənləşdirməklə məşğuldular.
Müqavilə müddəti başa çatan Vitali Vernidubdan sonra yarımmüdafiəçi Ruslan Qurbanovun da “Qəbələ”də qalmayacağı artıq dəqiqləşib. Ukraynalı müdafiəçi kimi, milli komandamızın üzvünə də yeni sözləşmə təklif olunmayacaq.
“Qırmızı-qaralar”da Vernidubu kimin əvəzləyəcəyi də müəyyənləşib. İl yarımdı icarə əsasında “Sumqayıt”da çıxış edən Bəhlul Mustafazadə gələn mövsümdən müqavilə ilə məxsus olduğu komandanın formasını geyinəcək. Artıq milliyə də dəvət olunan gənc oyunçunun “Sumqayıt”dakı çıxışından məmnun qalan Sənan Qurbanov onu komandasına cəlb edəcək.