[b]Kamran Ağayev sələfinə həsəd aparır[/b]
29.10.2015 - 11:27
[b]Kamran Ağayev sələfinə həsəd aparır[/b]

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün zəruri olan limiti adlayıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının ardıcıl 7 matçında qapısını toxunulmaz saxlayan ukraynalı əlcək sahibi “quru seriya”sını 727 dəqiqəyə çatdırıb.

 

Bütün dünya liqalarında ən azı 660 dəqiqə, yəni 11 saatdan artıq müddətdə qol buraxmayanların siyahısını tərtib edən İFFHS son illərdə üzləşdiyi problemləri arxada qoyduqdan sonra açıqlayacağı cədvələ Bezotosnını da daxil edəcək. Lakin bunadək Dmitrinin seriyasının rəsmiləşməsi də lazımdı ki, bu da yalnız qol buraxdıqdan sonra baş verəcək.

 

Dmitri Azərbaycan çempionatları tarixində 660-ı arxada qoyan 13-cü qapıçı olub. Bu qolkiperlər ümumilikdə 17 seriya ilə siyahıya düşüb. Çünki onlardan 4-ü iki dəfə buna nail olub.

 

Premyer Liqa tarixində 14-cü nəticəyə imza atan Bezotosnı 660-ı keçən 3 təmsilçimizi arxada qoyub. Bunlar Kamran Ağayev (720), Camaləddin Əliyev (700) və Rauf Mehdiyevə (676) məxsus seriyalardı. Lakin Əliyevlə Mehdiyevin daha bir – Dmitrininkindən də yüksək nəticəsi də var. Bu isə o deməkdi ki, ukraynalı 13 qapıçımız arasında yalnız Kamranı - "Qəbələ"dəki sələfini keçərək 12-ci olub. Belə ki, Bezotosnı 2015-ci ilin əvvəlində məhz Kamranın əvəzinə transfer olunmuşdu.

 

“Qəbələ” növbəti turun “Kəpəz”lə oyununda da qol buraxmasa, qolkiper daha 6 seriyanı arxada qoyub, çempionatımızın 8-ci nəticəsinə imza atacaq. Bezotosnının əsas hədəfləri isə Nizami Sadıqova məxsus (1106) Azərbaycan və Pavel Doroşevin (952) imza atdığı klub rekodudu.

 

Qeyd edək ki, dünya rekordu Geraldo Pereyra de Matos Filyo "Mazaropi”yə (“Vasko da Qama”, Braziliya) nəxsusdu – 1816 dəqiqə.