[b]“Qəbələ”nin rəqibi “Nyukasl”ın oyunçusunu istəyir[/b]
10.08.2015 - 12:15
[b]“Qəbələ”nin rəqibi “Nyukasl”ın oyunçusunu istəyir[/b]

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, afinalılar yarımmüdafiə xəttini gücləndirmək niyyətindədilər.

 

Hazırda yunanların maraq dairəsində iki orta sahə oyunçusu var. Bunlar seneqallı Pape Diop və əlcəzairli Mehdi Abeiddi. İkinci 2013/14 mövsümünü məhz “Panatinaikos”da keçirib. Yunanlar 23 yaşlı oyunçunu indi birdəfəlik transfer etmək fikrindədilər. Lakin Abeidin müqavilə ilə məxsus olduğu “Nyukasl” bu keçid üçün yüksək məbləğ tələb edir. Məhz bu üzdən “Qəbələ”nin rəqibi əsas diqqətini Diopa yönəldib. “Levante”dən yenicə ayrılan 29 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır və onun “Panatinaikos”a keçidi daha real görünür.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında oyunlar avqustun 20-də və 27-də keçiriləcək.