[b]“Qəbələ”nin son məşqi[/b]
12.03.2016 - 10:22
[b]“Qəbələ”nin son məşqi[/b]

Topaz Premyer Liqasının XXV turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi ilə martın 9-da keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan (5:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” dünən növbəti hazırlığını keçib.

 

“Zirə” ilə kubok matçının ertəsi gün olduğu kimi, yenə yalnız son görüşdə iştirak etməyənlərin məşqi yaşıl meydanda baş tutub. Üç gün öncə komandanın qələbəsində pay sahibi olanlar isə bərpaedici məşqlə kifayətlənib, dünən isə fiziki hazırlıq keçiblər.

 

“Qəbələ”nin oyunöncəsi son məşqi bu gün baş tutacaq. Qəbələ şəhər stadionundakı hazırlıq prosesi saat 17:30-da başlayacaq. “Qırmızı-qaralar”ın məşqi tam heyətlə keçəcək.
 

Qeyd edək ki, sabah baş tutacaq “Qəbələ” – “Zirə” qarşılaşmasının start fiti saat 15:00-da veriləcək.