Antalyada keçirilən Azərbaycan – Makedoniya matçında tətbiq edilən videotəkrar sistemi (VAR) Türkiyədə müsbət qarşılanıb. Apasport.az saytının məlumatına görə, bunu dəyərləndirən Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Yusuf Namoğlu Makedoniyanın qazandığı penalti epizoduna xüsusi toxunub.
O bildirib ki, görüşün 20-ci dəqiqəsində baş hakim Halis Özkahya cərimə zərbəsi qərarını versə də, VAR sistemi sayəsində bu səhv düzəldilib və millimizin qapısına haqlı penalti təyin olunub: “Türkiyədə ilk dəfə Azərbaycan – Makedoniya matçında videotəkrar sayəsində baş hakimin yanlış qərarı düzəldildi. Cüneyt Çakır təcrübəli hakimdi, bu məsələ ilə bağlı seminarlara qatılır. Doğru yolda olduğumuzu bir daha gördük, hər şey istədiyimiz kimi gedir. Bu matçda penaltini epizodunu “tutmaq” bizim üçün yaxşı haldı. Qərar dəyişməsəydi, Azərbaycan qələbə qazanacaqdı”.
Qeyd edək ki, Azərbaycan – Makedoniya oyununda video köməkçi hakim funksiyasını Cüneyt Çakır və Hüseyin Göçek yerinə yetiriblər.