[b]“Qriqorçuka dedim ki, gəlsəm, yenə münaqişəm olacaq”[/b]
22.01.2016 - 17:53
[b]“Qriqorçuka dedim ki, gəlsəm, yenə münaqişəm olacaq”[/b]

“Qəbələ”nin internet vasitəsilə göstərilən oyunlarına baxıram. Əfsuslar olsun ki, bütün görüşləri göstərilmir. Oğlumla tez-tez danışıram, fikir mübadiləsi aparırıq, məsləhətlərimi verirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Vitali Vernidubun atası Yuri Vernidub deyib.

 

Ukraynanın “Zarya” klubunu çalışdıran 50 yaşlı məşqçi ölkəsinin mətbuatına geniş müsahibə verib.

 

Oğlu, “Qəbələ” və Azərbaycan barədə də danışan Vernidub maraqlı fikirlər səsləndirib.

 

O bildirib ki, Azərbaycan çempionatında legioner limitinin olması Vitaliyə mane olur: “Vitali karyerasını “Qəbələ”də davam etdirməyi özü istədi. Yarım il ərzində oynadığı oyunlar da oldu, oynamadığı da. Əfsuslar olsun ki, Azərbaycan çempionatında da legioner limiti var. Təbii ki, bu, oğlumun çıxışına təsir göstərir. Buna görə də, Yuri daha çox Avropa Liqasında oynadı. “Qəbələ”də mərkəz müdafiəçilərindən 3-ü legionerdi. Bu isə o deməkdi ki, biri oynamalı, ikisi kənardan baxmalıdı. Məncə, Vitali başa düşür ki, həm çempionatda, həm də Avrokubok oyunlarında iştirak etmək üçün legionerlərin arasında ən güclü olmalı, əsas heyətdəki yerini möhkəmləndirməlidi. Hər şey öz əlindədi.

Ukrayna klublarından fərqli, “Qəbələ” toplanışa bir qədər tez başladı. Çünki Azərbaycan çempionatında fasilə daha tez başa çatacaq. Vitali toplanışa bütün gücü ilə məşq etmək və ən güclü olduğunu göstərmək fikri ilə yollandı. Ümid edirəm ki, bunu bacaracaq. Oğlumda o güc, xarakter var”.

 

Yuri Vernidub oktyabrda etdiyi Bakı səfərindən də bəhs edib. Paytaxtımızın çox gözəlləşdiyini deyən çalışdırıcı Qəbələni də tərifləyib: “Nəvəm böyüyür, ailəsi daim Vitalinin yanındadı. Hər məsələdə ona dəstək oluram. Başqa cür ola da bilməz, axı o mənim oğlumdu. Yığmanın oyunu ilə əlaqədar oktyabrda fasilə yarananda, həyat yoldaşımla birlikdə Azərbaycana, Vitalinin yanına 3 günlük getmişdim. Çoxdan idi Bakıda olmurdum. Sonuncu dəfə 1991-ci ildə, yəni 25 il əvvəl orda olmuşdum. Şəhər çox dəyişib, görəndə tanımadım. Bakı çox gözəldi. Ötən il orda Avropa Oyunları keçirilirdi. Buna görə şəhər daha da gözəlləşdirilmişdi. Bakıya bir qədər Dubaya oxşayır. Eyni tərzdədilər. Təbii ki, onları müqayisə etmək olmaz, amma ümumi cəhətləri var. Gözəl, şüşəli, hündür mərtəbəli binalar çoxdu. Vitalinin yaşadığı yer - Qəbələ isə şəhərcikdi. Ancaq çox təmiz və səliqəlidi. Qəbələdə dağlar var. Səhv etmirəmsə, dəniz səviyyəsindən ən yüksək yer oradı – 1600 metr. Qəbələdə şərtlər yaxşıdı, meydançalar kifayət qədərdi. Futbolçuya yalnız öz üzərində işləmək qalır”.

 

Vernidubun fikrincə, “Qəbələ” həmyerlisi Roman Qriqorçukun məşqçiliyi altında daha böyük nailiyyətlər qazanacaq: “Azərbaycanda olanda Qriqorçukla 10-15 dəqiqə söhbətləşmək imkanımız oldu. Bir-birimizi yaxşı tanıyırıq. Danışdıq, uğur arzuladıq. Qriqorçuk məşqçi kimi, doğrudan da, ən xoş sözlərə layiqdi. O, əsl fanatdı. “Metallurq”da işləməyə başlayanda mənə köməkçisi olmağı təklif etmişdi. Ancaq həmin vaxt Zaporojye klubunda Dvoretski prezident idi və onunla konfliktim var idi. Qriqorçuka dedim ki, gəlsəm, 1 həftə sonra onunla yenə münaqişəm olacaq (gülür). Roman strategiyalı məşqçidi, taktikanı, nəzəriyyəni yaxşı bilir. Görünür, bu səbəbdən çalışdırdığı komandalar nailiyyət qazana bilirlər. Əminəm ki, “Qəbələ”də də bütün istəklərini reallaşdıracaq. İlk mövsümündəcə bürünc medalı qazanmağı bacardı, Avrokuboka vəsiqə əldə etdi. Üstəlik, qrup mərhələsinə qədər irəliləyə bildilər. Bu heç də asan iş deyil. “Qarabağ”dan başqa hansısa Azərbaycan komandasının eyni uğuru təkrarladığını xatırlamıram. Azərbaycan təmsilçiləri Avrokubokda mübarizəni adətən birinci və ya ikinci təsnifat mərhələsində dayandırırdılar”.