Çempionlar Liqasında mövsümün ilk finalçısı olan İspaniya “Real”ı bir sıra rekordlara imza atıb. Apasport.az saytının məlumatına görə, iki oyunun cəmində (2:1, 2:2) Almaniya “Bavariya”sından güclü olan madridlilər final sayında qitənin ən nüfuzlu klub turnirində tarixi nəticələri rəsmiləşdirib.
“Real” Çempionlar Liqasında yeni rekord vurub. Madrid klubu turnirin yeni formatla keçirildiyi dövrdə 7-ci dəfə finala yüksələn ilk komanda kimi tarixə düşüb. “Kral klubu” bunadək şərikli rekord sahibi olduğu “Milan”la “Yuventus”u arxada qoyub. Hər iki İtaliya klubu 6 finalda oynayıb. Ümumilikdə isə Çempionlar kubokunu saysaq, “Real” 16-cı dəfə finala yüksəlib ki, bu da mütləq rekorddu.
“Real”ın lideri Kriştianu Ronaldo da Çempionlar Liqasının finalında 6-cı dəfə oynayacaq. 4 dəfə Madrid təmsilçisi, 2 dəfə “Mançester Yunayted”lə buna nail olan portuqaliyalı turnirin rekorduna şərik olub. O, 1992/93 mövsümündən Çempionlar Liqası adlanan yarışda 6 final həyəcanı yaşayan Paolo Maldiniyə çatıb. Çempionlar Kubokunu da saysaq, Maldini və Fransisko Hento 8, Alfredo di Stefano 7 finalın iştirakçısıdı.
Avropanın ən titullu klubu ardıcıl 3-cü dəfə Çempionlar Liqasının finalına yüksəlib. 2015/16 və 2016/17 mövsümlərinin qalibi olan “Real” turnirin yeni formatında rekorda şərik çıxıb. Bunadək yalnız iki İtaliya klubu – “Milan”la “Yuventus” ardıcıl 3 finalda oynayıb. Sonuncular 1995/96, 1996/97, 1997/98, milanlılar isə 1992/93, 1993/94, 1994/95 mövsümlərində bunu bacarıb. Çempionlar Kubokunu nəzərə alsaq, rekord 1956-1960-cı illərdə 5 finalda oynayan “Real”a məxsusdu.
İspaniyalıların baş məşqçisi Zinəddin Zidan da ardıcıl 3 dəfə final həyəcanı yaşayıb. O, italiyalı Marçello Lippinin rekordunu təkrarlayıb. Sonuncu 1995/96, 1996/97, 1997/98 mövsümlərində “Yuventus”la həlledici matçın iştirakçısı olub.
Maraqlıdı ki, Zidan həmin illərdə Lippinin rəhbərliyi altında çıxış edib. Fransalı bu il komandası ilə kuboku qazansa, ardıcıl 3 dəfə turnirin qalibi olan ilk mütəxəssis olacaq. Belə ki, nə Çempionlar Kuboku, nə də Çempionlar Liqası dönəmində bunu bacaran olmayıb.