UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda “Yuventus”a (1:2) məğlub olan “Real” uğursuz ənənəyə son qoya bilər. Apasport.az saytının məlumatına görə, “kral klubu” finala vəsiqə qazana bilsə, tarixində bir ilki gerçəkləşdirmiş olacaq.
Məsələ burasındadı ki, Madrid təmsilçisi tarixi ərzində yarımfinal mərhələsinin ilk matçında məğlub olduğu rəqiblərini üstələyə bilməyib. İspanlar düz 7 dəfə bu vəziyyətə düşüblər. İlk dəfə 1968-ci ildə “Mançester Yunayted” səddinə ilişən “Real” sonuncu belə xoşagəlməz halla 2013-cü ildə üzləşib. Dortmund “Borussiya”sına səfərdə böyük hesabla uduzan madridlilərin cavab qarşılaşmasındakı qələbəsi onlara kömək olmamışdı.
“Real”ın Çempionlar Liqasının yarımfinal mərhələsində indiyə qədər ilk oyunda məğlub olub mübarizəni dayandırdığı rəqiblər bunlardı:
1968. “Real” – “Mançester Yunayted” (0:1, 3:3)
1973. “Real” – “Ayaks” (1:2, 0:1)
1987. “Real” – “Bavariya” (1:4, 1:0)
2001. “Real” – “Bavariya” (0:1, 1:2)
2011. “Real” – “Barselona” (0:2, 1:1)
2012. “Real” – “Bavariya” (1:2, 2:1 (penaltilərlə 1:3))
2013. “Real” – “Borussiya” D. (1:4, 2:0)
Qeyd edək ki, “Real”la “Yuventus” arasında cavab görüşü mayın 13-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.