[b]“Real”a qol vursam, qeyd etməyəcəm”[/b]
01.05.2018 - 11:26
[b]“Real”a qol vursam, qeyd etməyəcəm”[/b]

“Qol vursam, qeyd etməyəcəm. Bu, hörmət məsələsidi. “Real”da mənimlə yaxşı rəftar edirdilər. Komandayla birlikdə çoxlu uğurlar qazanmışam. Orada xoşbəxt idim”. Apasport.az saytının məlumatına görə,  bu sözlər transfer haqları “Real”a məxsus olan, hazırda “Bavariya”da çıxış edən Xames Rodrigesə məxsusdu.

 

Kolumbiyalı futbolçu Zidanla münasibətləri, “Bavariya”dakı gələcəyi və dəyişən oyun tərzi barədə danışıb:

 

“Zidanla, o cümlədən “Real”la heç bir problemim yoxdu, sadəcə, hər həftə oynamaq istəyirəm. Klubdakı hər kəsə minnətdaram. Hazırda “Bavariya”da xoşbəxtəm və təkcə öz oyunum barədə düşünürəm. Karyeramın sonrakı gedişatı haqda indidən heç nə demək olmaz. İndilik bütün diqqətimi “Bavariya”ya yönəltmişəm.

 

“Real”da oynayanda bacardığımın ən yaxşısını ortaya qoymağa çalışırdım. Qol vurmağa çalışırdım, qol epizodları axtarırdım, komanda yoldaşlarıma yardımçı olurdum. “Real”dan ayrıldığıma görə heç kimi günahlandırmıram.

 

Sadəcə, final yolunda komanda yoldaşlarıma kömək etmək istəyirəm. Hamımız bunun üçün çalışırıq. Stadionda necə qarşılanacağımı bilmirəm. Ümid edirəm, yaxşı münasibətlə üzləşərəm. Yerli azarkeşləri xoşlayıram, həmişə onlar üçün maksimumu ortaya qoymuşam, odu ki, inanıram ki, mənə qarşı yaxşı davranacaqlar.

 

İndi daha dərindən oynayıram, “Real”da olduğu kimi, rəqib qapısına çox da yaxın mövqe almıram. “Bavariya”da daha çox hərəkət etmək, geriyə çəkilmək və pressinq eləmək lazım gəlir. Bu tələblər burada bütün oyunçular üçün eynidi”.

 

Qeyd edək ki, “Real” – “Bavariya” oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.