“İnqilab Məmmədov penalti epizodunda düzgün qərar vermədiyini bilirdi. Bu səbəbdən Səlahətin hərəkətinə göz yumdu”. Bunu apasport.az saytına keçmiş FİFA referisi Babək Quliyev deyib.
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan “Neftçi” – “İnter” (2:0) oyunundakı hakim səhvlərinə toxunan Quliyev qarşılaşmanın baş hakimi İnqilab Məmmədovu sərt şəkildə tənqid edib.
O, xüsusən də, “İnter”in qapıçısı Səlahət Ağayevin referini itələməsini qəbul edə bilmir: “Məndən olsaydı, 3-cü vərəqə xahiş edərdim, Səlahətə qırmızı yox, qara vərəqə göstərərdim. Hakimi itələmək onu vurmaq, təcavüz etmək kimi bir şeydi. Bizim dövrümüzdə Babək Quliyevə əl dəyən görmüşdünüzmü? Heç dəyə də bilməzdilər. İnqilabın Səlahətə qırmızı vərəqə göstərməyə gücü çatmadısa, yaxşısı budu fitini atsın”.
Penalti epizoduna da münasibət bildirən Quliyev sabiq həmkarının “Neftçi”nin qapısına qəsdən onbirmetrlik zərbə təyin etmədiyini düşünür: “Heç kim deyə bilməz ki, hakim penaltini görmədi. Fiti ver 10 yaşlı uşağa, o da sənə doğru qərarı göstərər. Bu, açıq-aşkar badalaq gəlməkdi. Hakimin penaltini verməməsi səhv deyil. Bu adam sadəcə həmin epizodu düzgün qiymətləndirmək istəmədi. Özü də ora çox yaxın idi. Sonra da deyirik ki, niyə azarkeşlər oyuna gəlmirlər? Belə şeylərlə camaatı küsdürürük, onlar da gəlmək istəmirlər”.
Sabiq hakim bu məsələdə əsas günahkarın AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov olduğunu bildirib: “Biz deyirik ki, futbol sahəsində Avropaya inteqrasiya edək, Çempionlar Liqasının qrup mərhələsində, dünya çempionatında oyunlar idarə edək. Mən Xaqani Məmmədova sual vermək istəyirəm. Avropada heç ilk “beşlik” yox, ikinci eşalon ölkələrinin hansında kubokun yarımfinal oyununu çimərlik futbolu üzrə hakim idarə edir? Bu oyuna təyinat özü gülünc idi. Çimərliklə futzalı böyük futbola qatmaq olmaz. Bunlar hamısını qarışdırıblar. Bilinmir kim çimərlik referisidi, kim böyük futbol. Sənin 7 ildi yetişdirdiyin hakimlər hardadı ki, çimərlik hakiminini böyük futbola təyin edirsən? Orda Vüsal Əliyev, Rəhim Həsənov, Orxan Məmmədov kimi hakimlər var. FİFA hakimlərinin hamısını bir oyuna yığmağın nə mənası var idi?”
Keçmiş FİFA hakiminin fikrincə, hakimlər “Neftçi”nin lehinə qəsdən qərarlar verməklə özlərini klub rəhbərliyinə göstərməyə çalışırlar: “Sadıq Sadıqovu niyə yıxdılar? Hakimlər Sadıq müəllimin yanında özlərini gözə soxmaq üçün “Neftçi”nin lehinə qərarlar verdilər, üzgörənlik etdilər. Sadıq müəllimin də adı çıxdı. Özlərini indi də Çingiz Abdullayevə göstərməyə çalışırlar. Sadığı belə yıxdılar, indi də Çingizə yaltaqlanırlar, onun başına oyun gətirirlər”.
Ruslan SADIQOV