[b]“Sarı it”i gözləyənlər[/b]
26.12.2017 - 11:27
[b]“Sarı it”i gözləyənlər[/b]

Son həftəsini yaşayan 2017-ci il bir neçə gündən sonra tarixə köçəcək və yerini 2018-ə təhvil verəcək. Apasport.az saytının məlumatına görə, qarşıdan gələn it ili Azərbaycan Premyer Liqasında çıxış edən bir sıra futbolçular üçün əlamətdar olacaq.

 

Şərq ulduz falına baxsaq, 2018-ci il sarı rəngli itlə xarakterizə olunur. Çempionatımızda məhz bu heyvanın təcəssüm etdiyi illərdə doğulan futbolçular kifayət qədərdi.

 

Söhbət qarşıdakı ildə 24 və 36 yaşını qeyd edəcək oyunçulardan gedir. Aydın məsələdi ki, 12, həmçinin 48 və daha yuxarı yaşda olanların bu siyahıda olması inandırıcı deyil.

 

Bir sözlə, 1982 və 1994-cü il təvəllüdlülər bu kriteriyaya uyğun gəlir. “Qara it”in ili olan 1982-ci ildə doğulan yalnız iki oyunçu Premyer Liqada mübarizə aparır. Bunlar “Qarabağ”ın aparıcı simaları Rəşad Sadıqov və Ansi Aqollidi.

 

“Yaşıl it”in 1994-cü ilində doğulanlar isə Premyer Liqanın bütün klublarında var. Belələrinin sayı 21-ə bərabərdi. Bunlar Şahrudin Məhəmmədəliyev, Elşən Abdullayev (hər ikisi “Qarabağ”), Famussa Kone (“Qəbələ”), Fuad Bayramov (“Keşlə”), Vüqar Mustafayev, Riçard Qadze (hər ikisi “Zirə), Ruzi Qiyaslı, Azad Kərimov, Dialo Samba, Əli Əliyev (hamısı “Kəpəz”), Azər Salahlı, Kamal Mirzəyev (“Sumqayıt”), Rəşad Əzizli, Məqsəd İsayev (hər ikisi “Neftçi”), Emil Balayev, Ayron Stati, Murad Musayev, Edqaras Zarskis, Kamal Qurbanov, Seymur Əsədov, Raul Yaqubzadədi (hamısı “Səbail”).

 

Cari mövsüm Premyer Liqada çalışan bəzi baş məşqçilər də it ilində anadan olanlardı. Lakin onların heç biri 2018-ə qədər postunda qala bilməyib. 60 illik yubileyini qeyd edəcək Zaur Svanadze “Keşlə”dən, ondan 12 yaş kiçik olan Elxan Abdullayev “Neftçi”dən ayrılıb. Sonuncunu müvəqqəti əvəzləyən həmyaşıdı  Elşad Əhmədov da postda uzun müddət qala bilməyib.