Topaz Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən “Neftçi” – “Səbail” matçında insident yaşanıb. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da keçirilən matçın ilk hissəsində nominal qonaqların baş məşqçisi Samir Əliyev texniki zonadan qovulub.
Buna səbəb məşqçinin aut xəttini keçən topun “Neftçi”yə verilməsi ilə bağlı yan xətt hakimini təhqir etməsi olub. Əvvəlcə laynsmanı küçə söyüşü ilə təhqir edən Əliyev ona "Qoduq gədə, korsan?" deyib. Bu sözdən sonra əsas hakim "Səbail"in çalışdırıcısına xəbərdarlıq edib.
Ardınca qonaqların kapitanı Eltun Yaqublu epizodla bağlı hakimə etirazını bildirib. Referi isə onu yanına çağıraraq sarı vərəqə vermək istəyib. Lakin Eltun bilərəkdən hadisə yerindən uzaqlaşıb, əli ilə Rauf Cabbarova işarə edib ki, özün yaxınlaş.
Cabbarovun Yaqubluya yaxınlaşıb “sarı verməsi” Samir Əliyevi yenidən özündən çıxarıb. Növbəti dəfə hakimi təhqir edən Əliyev bu dəfə texniki zonadan uzaqlaşdırılıb.
Qeyd edək ki, ilk hissəsi başa çatan oyunda “Neftçi” 2:0 hesabı ilə qalib gəlir.