“Növbəti mərhələyə vəsiqə qazanmaq üçün bu gün “İnter”i məğlub edəcəyik. Çətin olsa da, bunu bacaracağımıza inanıram”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun baş məşqçisi Kristof Qaltye deyib.
Avropa Liqasını qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Fransa təmsilçisinin çalışdırıcısı bu gecə “İnter”ə qarşı keçirəcəkləri oyundan və növbəti mərhələ şanslarından danışıb.
Qaltye bildirib ki, növbəti turda baş tutacaq “Sent-Etyen” – “Qarabağ” oyunu növbəti mərhələyə gedəcək iki komandadan birini müəyyənləşdirəcək: “Biz Milan klubu ilə heç-heçə etmək niyyətində deyilik. Meydana ancaq 3 xal üçün çıxacağıq. Əgər qələbə qazansaq, şansımız artacaq. Sonra biz noyabrın 27-də baş tutacaq “Qarabağ”la cavab qarşılaşmasını gözləyəcəyik. Çox güman ki, qrupdan çıxıb-çıxmayacağımıza həmin oyunda aydınlıq gələcək. Ümumiyyətlə, Azərbaycan klubu ilə qarşılaşmada növbəti mərhələnin taleyini həll edə bilərik. V turda demək olar bütün suallara aydınlıq gələcək. Ona görə də bu gün qrupda baş tutacaq iki oyunun heç birini həlledici saymıram”.
Qeyd edək ki, “Sent-Etyen” – “İnter” oyunu bu gün saat 22:00-da start götürəcək.