“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sent-Etyen” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi qapıçı Stefan Ruffyenin xidmətindən məhrum qalıb.
Buna səbəb 30 yaşlı qolkiperin pley-off mərhələsində “Beytar”la cavab qarşılaşmasında birbaşa qırmızı vərəqə alması olub. 0:0 hesabı ilə nəticələnən matçın 44-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə, meydandan qovulan Fransa millisinin üzvü UEFA tərəfindən 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Cəzanın yüngülləşdirməsi üçün klubun apellyasiya müraciəti etmək hüququ var. Ancaq hazırkı vəziyyətdə Ruffye “Maynts”la səfər, “Anderlext” və “Qəbələ” ilə ev qarşılaşmalarını buraxacaq. Onun yoxluğunda adıçəkilən görüşlərdə çərçivəni Jessi Mulin qoruyacaq. Ruffyenin hətta qrup mərhələsindəki bütün görüşlərdə iştirak etməmək ehtimalı da var.
Qeyd edək ki, “Sent-Etyen” qrupda “Qəbələ” ilə ilk oyununu oktyabrın 20-də III tur çərçivəsində keçirəcək.