Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif”in yolları avrokuboklarda ilk dəfə Azərbaycan təmsilçisi ilə kəsişsə də, tarixin yaddaşına köçən “Birlik kuboku”nda dəfələrlə qarşılaşmışıq. Apasport.az saytının məlumatına görə, Tiraspol klubu ilə üz-üzə gələn ilk komandamız məhz Ağdam təmsilçisi olub.
2004-cü il yanvarın 18-də “Şerif”lə “Qarabağ” Moskvada qarşılaşıb. Həmin vaxt “Qarabağ-Azərsun” adlanan təmsilçimiz Şahin Diniyevin rəhbərliyi altında yollandığı turnirdə uğursuz çıxış edib. Moldova çempionu ilə görüş isə qolsuz heç-heçə bitib.
“Qarabağ”la “Şerif” bir həftə əvvəl Bakıda keçirilən qarşılaşmada da qolsuzluğu pozmağı bacarmayıb. 13 ildən sonra görüşən rəqiblər ümumilikdə 180 dəqiqəyə bir-birinin qapısına yol tapmayıb. Bu duellərin Tiraspolda baş tutacaq 3-cü səhnəsində qolsuzluğun ən azı penaltilər seriyasında pozulması zəruridi.
Yeri gəlmişkən, “Şerif”in Azərbaycan klubları ilə “Birlik kuboku”ndakı son duelinin qalibi də penaltilərlə müəyyənləşib. 2008-ci ildə Sankt-Peterburqdan kubokla qayıdan “Xəzər Lənkəran” Moldova təmsilçisini 1/4 finalda dayandırmışdı. 2:2 hesabı ilə bitən görüşdə cənubluların qollarını Mario Souza vurub. 5:3 hesablı qələbə ilə nəticələnən seriyada Emin Quliyev, Dieqo Qusmao, Zaur Ramazanov, Ceyhun Sultanov və Mario Souza dəqiq olub.
“Qarabağ” və “Xəzər Lənkəran” əsas vaxtda “Şerif”lə bərabərə qalıbsa, Bakı klubları sülhdən uzaq olub. 2005-ci ildə “Neftçi” Georgi Adamiyanın qolu ilə qələbə qazanıb – 1:0. 2007-ci ildə isə “Bakı” qollu görüşdən məğlub ayrılıb – 3:4. Təmsilçimizin heyətində Samir Musayev, Amiran Muciri və Kristian İonesku fərqlənib.
Bir sözlə, son iki oyunumuz qolsuz bitən “Şerif”lə duellərdə təmsilçilərimiz 6 qol vurub və eyni sayda buraxıb. Tiraspolda vurulacaq ilk top duellərdə nəhs – 13-cü olacaq. Top fərqində nəzərə alınmayan penaltilər seriyasında isə moldovalılara daha 5 qol vurnuşuq.
Qeyd edək ki, avqustun 1-də baş tutacaq “Şerif” – “Qarabağ” matçı Tiraspolda keçiriləcək.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır