Sabah keçiriləcək görüşlə Avropa Liqasında (AL) 2015-2016 mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, final matçında İngiltərənin “Liverpul” klubu ilə İspaniya təmsilçisi “Sevilya” üz-üzə gələcək.
“Liverpul”la müqayisədə turnirin son qalibi “Sevilya” Avropa Liqasında daha təcrübəli komanda sayılır. Əndəluslular bu vaxta qədər 4 dəfə (2005-2006, 2006-2007, 2013-2014, 2014-2015) AL-in (sabiq UEFA Kuboku) kubokunu başları üzərinə qaldırıblar. Ardıcıl 3-cü dəfə finala qədər irəliləyən “Sevilya” yenə qələbə qazanacağı halda, bu, onların məlum turnirdə 5-ci çempionluğu olacaq.
La Liqa təmsilçisi bu vaxta qədər keçirdiyi 4 finalın birində ingilislərlə üz-üzə gəlib. 2005-2006 mövsümünün həlledici qarşılaşmasında “Midlsbro” ilə qarşılaşan “Sevilya” rəqibini darmadağın edib – 4:0. Növbəti mövsümdə də finala vəsiqə qazanan əndəluslular bu dəfə həmyerliləri – “Espanyol”la qarşılaşıblar. Əsas vaxtı 2:2 hesabı ilə nəticələnən matçın penaltilər seriyasında “Sevilya” üstün (3:1) olub.
Bundan əvvəlki 2 mövsümdə də “Sevilya” finaldan üzüağ çıxıb. Əvvəlcə penaltilər seriyasında uduzan “Benfika”, ötən il isə 2:3 hesabı ilə məğlub olan “Dnepr” Unai Emerinin komandasının kuboku qazanmasına mane ola bilməyib.
İspaniya Primerosunu 7-ci pillədə tamamlayan “Sevilya” AL-in növbəti mövsümündə də oynamaq hüququ qazanıb. Lakin “qırmızı-ağlar” “Liverpul”a qalib gələ bilsələr, Çempionlar Liqasına vəsiqə əldə edəcəklər.
Emerinin yetirmələri AL-in 1/16 final mərhələsində “Molde” (Norveç), 1/8-də “Bazel” (İsveçrə), 1/4-də “Atletik” (İspaniya), yarımfinalda isə “Şaxtyor”u (Ukrayna) üstələyiblər. Finalın baş tutacağı “Sent Yakob-Park” stadionunun “Bazel”ə məxsus olduğunu və isveçrəliləri turnirdən məhz “Sevilya”nın kənarlaşdırdığını nəzərə alsaq, həlledici qarşılaşmada “Liverpul”u dəstəkləyənlərin üstünlük təşkil edəcəyini təxmin etmək olar.
Turnirin adı Avropa Liqası olandan sonra “Liverpul”un bu yarışda heç bir uğuru yoxdu. Lakin “mersisaydlılar” sabiq UEFA Kubokunun 3 dəfə qalibi olublar. Komanda sonuncu dəfə qızıl medalları 2000-2001 mövsümündə əldə edib. Maraqlıdı ki, həmin vaxt da “Liverpul”un finaldakı rəqibi İspaniya təmsilçisi olub. “Alaves”lə qarşılaşan “qırmızılar” matçın əlavə vaxtında vurulan “Qızıl qol”un hesabına 5:4 hesablı qələbə qazanmışdılar.
“Liverpul” 15 il əvvəlki uğurunu yenə təkrarlamaq niyyətindədi. Premyer Liqa təmsilçisi finala qədər 1/16-də “Auqsburq” (Almaniya), 1/8-də “Mançester Yunayted” (İngiltərə), 1/4-də “Borussiya” (Dortmund, Almaniya), yarımfinalda isə “Vilyarreal”ı (İspaniya) mübarizədən kənarlaşdırıb.
Yurgen Kloppun komandası İngiltərə çempionatını 8-ci pillədə başa vurduğundan, avrokubokların növbəti mövsümünə hələ ki, vəsiqə əldə edə bilməyib. Bu mənada, “Sevilya” ilə qarşılaşma “qırmızılar” üçün həyati əhəmiyyət kəsb edir. Bu matçda qalib gələcəyi təqdirdə, “Liverpul” gələn mövsüm ÇL-də mübarizə aparacaq.
Final öncəsi hər iki komandanın, xüsusilə “Liverpul”un heyətlə bağlı problemləri var. Britaniya təmsilçisində Mamadu Sako cəzalı olduğu üçün görüşü buraxacaq. Bundan əlavə, Əmrə Can, Co Qomes, Cordan Henderson, Denni İnqs və Divok Oriqi zədəlidi. “Sevilya”da isə 2 futbolçu – Mikael Kron-Deli və Xose Antonio Reyes zədədən əziyyət çəkirlər.
Avropa Liqası
Final
18 may
22:45. “Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya)
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç)
Əlavə hakim köməkçiləri: Stefan Yohannesson, Markus Strpmberqsson (hər ikisi İsveç)
Bazel. “Sent Yakob-Park” stadionu