Mövsüm başa çatmamış “transfer bazarı”nın liderinə çevrilən “Qəbələ” boş dayanmaq fikrində deyil. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” növbəti transferi həyata keçirməyə çox yaxındı.
“Sumqayıt”dan qapıçı Andrey Popoviç və “Simurq”dan yarımmüdafiəçi Samir Zərgərovla anlaşan şimal təmsilçisi indi də Zaqatala klubunun digər aparıcı üzvü İlkin Qırtımovu heyətinə cəlb etməyə hazırlaşır.
Ciddi maliyyə problemi yaşadığı üçün aparıcı oyunçularını bir-bir əldən buraxan “Simurq” çox güman Qırtımovu da komandada saxlaya bilməyəcək. Çünki 25 yaşlı müdafiəçi “Qəbələ”dən təklif alıb və artıq ilkin danışıq da baş tutub.
Məlumatı saytımıza açıqlamasında Qırtımov özü də təsdiqləyib: “Düzdü, “Qəbələ” ilə şifahi danışığımız olub. Amma hələ rəsmi heç nə yoxdu. Mövsümün başa çatmasını gözləyirik. Ondan sonra transfer məsələsinə aydınlıq gələcək. “Simurq”un gələcək taleyindən də çox şey asılıdı”.
Qeyd edək ki, İlkin Qırtımov 2009-cu ildən “Simurq”un formasını geyinir.
Ruslan SADIQOV