[b]“Milliyə nə vaxtsa çağırılacağımı gözləyirdim” - Vüqar Mustafayev[/b]
16.05.2016 - 18:47
[b]“Milliyə nə vaxtsa çağırılacağımı gözləyirdim” - Vüqar Mustafayev[/b]

“Açığı, əsas yığmaya dəvət almağım mənim üçün sürpriz oldu. Çünki U-21-in toplanışına hazırlaşırdım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Vüqar Mustafayev deyib.

 

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Avstriya toplanışına aparacağı oyunçuların siyahında gənc yarımmüdafiəçinin də adı var.

 

İlk dəfə əsas yığmaya dəvət alan Mustafayev sevincini gizlətməyib: “Mənim üçün bu dəvət sürpriz olsa da, nə vaxtsa çağırılacağımı gözləyirdim. Hər bir futbolçu istər ki, əsas millinin formasını geyinsin. Prosineçkinin qərarına hörmətlə yanaşıram. Görünür, mənə indi dəvət göndərməyi lazım bilib”.

 

Millidəki rəqabətə hazır olan Vüqar yığmaya çağırılmasında “Zirə”yə keçidinin də rol oynadığını vurğulayıb: “Bilirəm ki, yığmada mənim mövqeyimdə güclü rəqabət var. Amma buna hazıram. Digər oyunçular kimi, özümü yaxşı tərəfdən göstərməyə çalışacam. Kimin oynayacağına isə baş məşqçi qərar verəcək. “Qarabağ”da çox oynamaq şansı əldə etmirdim. Bunda özümü günahlandırıram. Orda özümü doğrulda bilmədim. “Zirə”yə keçəndən sonra isə daha çox oynamağa başladım. Mənə güvəndiyinə görə məşqçilər korpusuna “sağ ol” deyirəm. Futbolçu meydana çıxandan sonra özünü göstərməyə başlayır. Daha çox oyun praktikası əldə etmək baxımından, “Zirə”yə keçidim mənim üçün faydalı oldu”.

 

Robert Prosineçkinin komandası Avstriya toplanışında Andorra, Makedoniya və Kanada yığmaları ilə qarşılaşacaq. Mustafayev hər 3 qarşılaşmanın onlar üçün faydalı olacağını qeyd edib: “Belə komandalara qarşı oynamaq futbolçulara böyük təcrübə qazandırır. Hər 3 matç bizim üçün önəmlidi. İnanıram ki, bu görüşlərdən yaxşı nəticə ilə ayrılacağıq”. 

0